“2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri nəzərəçarpacaq qədər artırılıb. Həmin vəsaitin böyük bir qismi ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə yönəldilib”.
“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, 2021-ci ilin yanvarından 31 şəhər və rayonda icbari tibbi sığortanın həyata keçirilməsinə başlanılacaq: “Bu məqsədlə büdcədən 1 milyard 45 milyon manat vəsait ayrılıb. İllərdir ki, insanlarımız bunu gözləyirdi”.
Komitə sədri bildirib ki, pandemiyaya qarşı mübarizə üçün də xeyli vəsait ayrılıb: “Pandemiya elan olunduğu ilk gündən etibarən Prezidentin tapşırığı ilə Operativ Qərargah yaradıldı. Pandemiyanın ikinci mərhələsində yoluxmanın sayı kəskin artsa da, səhiyyə sistemimiz çökmədi. Bu gün 45 tibb müəssisəsi və 30 müasir laboratoriya pandemiya ilə mübarizəyə cəlb olunub. Məndə olan məlumata görə, ölkəmizdə dərman ehtiyatı var. Ancaq bəzi şəxslər bu qıtlığı süni şəkildə yaradırdılar. 2021-ci ilin ilk aylarında ölkəmizə vaksinlər gətiriləcək”.