“Bələdiyyələrin icra aparatlarında olan əməkdaşların sayının şişirdilməsi ilə bağlı məsələ ciddi problemdir. Hazırda bunun qanunvericiliklə tənzimlənməsi yoxdur”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bu gün hər hansı bələdiyyə heç bir məhdudiyyət olmadan istənilən sayda bələdiyyə qulluqçusunu işə qəbul edir:
“Burada heç bir nümunəvi struktur yoxdur. Dəfələrlə təklif etmişik ki, bu məsələ qanunvericiliklə tənzimlənsin. Bələdiyyələrin icra aparatının nümunəvi strukturu müəyyən meyarlar əsasında təsdiq olunmalıdır. Əgər bu olsa, bələdiyyələr məcburi şəkildə həmin struktura uyğun işçiləri işə qəbul edəcək. İcra aparatlarının formalaşdırılması bələdiyyə sədrinin öhdəsində olana qədər bu məsələdə irəliləyiş görməyəcəyik”.