Dəniz nəqliyyatında hərəkətin təhlükəsizliyini pozanlarla bağlı yeni cərimələr I oxunuşda qəbul edilib.
"Report"un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin dekabrın 8-də keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə Məcəlləyə yeni maddə 307.5-ci maddə (Dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə görə) əlavə edilir.
Yeni maddəyə əsasən, dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə olunacaq.
Təqdim edilən qanun layihəsində müvafiq dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərişlərinin icra edilməməsinə görə inzibati cərimə nəzərdə tutan yeni müddəların (307.4 və 307.5-ci maddələr) əlavə edilməsi və Dəniz Limanları Reyestrinin və Dəniz əməliyyatları bazaları Reyestrinin aparılması qaydalarının pozulmasına görə 312.2-ci maddədə müəyyən edilmiş inzibati xətanın sanksiyasında müəyyən edilmiş inzibati cərimənin məbləğinin iki yüz manatdan min manata qaldırılması təklif olunur.