Beynəlxalq Parlament Konfransı iştirakçılarının Qarabağa səfəri başa çatıb - YENİLƏNİB

Beynəlxalq Parlament Konfransı iştirakçılarının Qarabağa səfəri başa çatıb - YENİLƏNİB Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Qarabağa səfəri başlayıb.
Milli Məclis
8 Dekabr , 2024 20:47
Beynəlxalq Parlament Konfransı iştirakçılarının Qarabağa səfəri başa çatıb - YENİLƏNİB

Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq Parlament Konfransının iştirakçıları dekabrın 8-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər ediblər.

"Report"un işğaldan azad edilmiş ərazilərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Polad Bülbüloğlu, Əhliman Əmiraslanov, Səməd Seyidov, deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Qonaqları qarşılayan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara hava limanı barədə məlumat veriblər. Sonra Füzuli şəhərinə gələn Beynəlxalq Parlament Konfransının iştirakçıları burada erməni barbarlığının izləri ilə tanış olublar. Qonaqlara Füzulidə görülən və görüləcək işlər, Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi barədə də məlumat verilib.

Bildirilib ki, artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşıb. Onlar Füzuli şəhərində inşa olunan yaşayış məhəlləsində məskunlaşırlar.

Şuşaya gələn qonaqları burada Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb. Xüsusi nümayəndə qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib.

Qonaqların Şuşa ilə tanışlığı Azərbaycanın tanınmış şəxsiyyətləri olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi şəhər mərkəzi meydanından başlayıb. Nümayəndə heyəti sonra Bülbülün ev-muzeyi, qala divarları ilə tanış olublar.

Parlamentarilər “İsa Bulağı”na və “Xan qızı” bulağına da baş çəkiblər.

Sonra qonaqlar Xankəndi şəhərinə gəliblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib. Qonaqlar Xankəndi şəhəri, Xankəndi şəhər meydanı və buradakı Qarabağ Universiteti ilə tanış olublar.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayaraq bildirib ki, universitetdə tədrisin və elmi araşdırmaların həyata keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.

Qonaqlar universitetin auditoriyalarını, laboratoriya və kitabxanasını gəzərək yaradılan şəraitlə tanış olub, tələbələrlə söhbət edib, sonra Xocalıya yola düşüblər.

Xocalı şəhərində gələn səfər iştirakçılarına ermənilərin burada törətdikləri vəhşiliklər, Xocalı soyqırımı, işğaldan azad edildikdən sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Səfər zamanı qonaqlar onları müşayiət edən media nümayəndələrinə müsahibələr veriblər, səfərlə bağlı təəssüratlarını bölüşüblər.

Bununla da səfər başa çatıb.

11:09

Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Qarabağa səfəri başlayıb.

"Report"un Füzuliyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, nümayəndə heyətini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Regionun qonaqlara tanıdılması Füzuli aeroportundan başlanıb. Burada qonaqlara hava limanı ərazisinin minalardan təmizlənməsi və qısa müddətdə yaradılmış şərait barədə ətraflı məlumat verilib. Qonaqlar Füzuli rayonuna səfərləri çərçivəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Füzuli ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşa, Xankəndi və Xocalıya səfər edəcək.

Son xəbərlər

Orphus sistemi