Azərbaycanlı deputatlar Belarusda keçiriləcək seçkiləri müşahidə edəcəklər.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, Milli Məclisin deputatları Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün fevralın 22-də bu ölkənin paytaxtı Minsk şəhərinə səfər edəcəklər.
Deputat İltizam Yusifov MDB PA-nın xətti ilə, deputat Sabir Hacıyev MDB İcraiyyə Komitəsinin xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcəklər.
Səfər fevralın 27-də başa çatacaq.