Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik ilə görüşüb.
"Report" xəbər verir ki, Azərbaycanın ev sahibliyi ilə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn Yan Kubiki bu il ərzində ikinci dəfə Milli Məclisdə görməkdən məmnun olduğunu deyən Elnur Allahverdiyev, belə səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutduğunu bildirib.
İşçi qrupunun rəhbəri, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə toxunub, Azərbaycanın Çex Respublikası ilə əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolunu vurğulayıb.
Sentyabrın 19-20-də Azərbaycan ordusunun Qarabağda həyata keçirtdiyi antiterror tədbirlərindən söz açan işçi qrupunun rəhbəri, Azərbaycan həqiqətlərinin Çexiya ictimaiyyətinin və parlamentinin diqqətinə çatdırılması sahəsində aparılan işlərə görə həmkarına təşəkkür edib.
Yan Kubik qəbula görə təşəkkür edərək, qısa müddət ərzində ölkəmizə yenidən səfərə gəlməkdən məmnunluğunu ifadə edib, Çexiyanın dost Azərbaycanla əlaqələri bundan sonra da inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb. Yan Kubik rəhbərlik etdiyi Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib.
Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Emin Hacıyev, Əliabbas Salahzadə çıxış edərək ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.