Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycanın aparıcı texnoloji şirkətlərini birləşdirən Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) nümayəndələri ilə görüş keçiriblər.
"Report" xəbər verir ki, tədbirin əsas məqsədi yeni şəraitdə İT şirkətlərin fəaliyyəti, qlobal və yerli bazara innovativ, rəqabətqabiliyyətli, keyfiyyətli məhsul və xidmətləri təklif etmək məsələlərinin müzakirəsi olub.
Tədbirdə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunu təmsil edən Rauf Həsənov (BestComp Group), İlham Namazov (Cybernet), Məhəmməd Zülfüqarlı (Ultra Technologies), Hikmət Abdullayev (IDRAK Technology Transfer Company), Vüsal Rüstəmov (İnnovasiyalar Mərkəzi), Yana Krimpe (B.EST Solutions) və AZİNNEX-in icraçı direktoru Fərid Kazımov iştirak ediblər.
Görüşü acan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi, innovativ fəaliyyətin dəstəklənməsi iqtisadi siyasətdə prioritet məsələlərdəndir. Bildirilib ki, müasir zamanda dünyada iqtisadi inkişaf “biliklərə əsaslanan iqtisadiyyat” mərhələsinə keçib və yaxın illərdə üstünlük innovativ potensialdan effektiv istifadə etməyi bacaran ölkələrdə olacaqdır.
T.Mirkişili əlavə edib ki, İKT ilə bağlı qanunvericiliyin təkmilləşməsi üzərində iş gedir, bu sahədə problemləri öyrənilir, bir sıra qanunvericilik aktlarının hazırlanması istiqamətində işlər aparılır , bu sahədə qanun layihələrinin təhlil aparılır, xarici ölkələrin təcrübəsi öyrənilir.
Görüş zamanı çıxış edən İqtisadi siyasət komitənin üzvləri Əli Məsimli və Elnur Allahverdiyev fikirlərini bildirdilər. Daha sonra müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb, onların təklifləri qeyd olunub. Sonda bu cür görüşlərin mütəmadi keçirilməsi və Qanunvericilik sahəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi iləs AZİNNEX arasında əməkdaşlığın qurulması qərara alınıb.