Azərbaycanda arbitraj icraatı zamanı arbitrlərin şahid qismində dindirilməsi qadağan olunur

Azərbaycanda arbitraj icraatı zamanı arbitrlərin şahid qismində dindirilməsi qadağan olunur Azərbaycanda arbitraj icraatı zamanı arbitrlərin şahid qismində dindirilməsi qadağan olunur.
Milli Məclis
26 Dekabr , 2023 12:01
Azərbaycanda arbitraj icraatı zamanı arbitrlərin şahid qismində dindirilməsi qadağan olunur

Azərbaycanda arbitraj icraatı zamanı arbitrlərin şahid qismində dindirilməsi qadağan olunur.

"Report"un xəbərinə görə, bu, parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə Məcəlləyə arbitraj icraatı zamanı məlum olan hallar barədə şahid qismində dindirilməsi qadağan olunan şəxslərin dairəsinə arbitrlər əlavə olunub.

Digər bir dəyişikliklə isə yerli arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi barədə məhkəməyə müraciət edilməsi proseduru müəyyənləşib.

Qeyd edilib ki, yerli arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi məsələsinə maraqlı tərəfin ərizəsi əsasında baxılacaq. Yerli arbitraj məhkəməsinin qərarı arbitraj qərarında müəyyən edilmiş müddət ərzində və ya belə müddət müəyyən edilmədikdə, arbitraj qərarının çıxarıldığı gündən 3 ay ərzində könüllü icra edilmədikdə, arbitraj qərarının məcburi icrasının təmin edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Yerli arbitraj məhkəməsinin qərarı məhkəmə tərəfindən ləğv edilmişdirsə, bu qərarın məcburi icrasının təmin edilməsi barədə ərizə verilmiş məhkəmə ərizəni qəbul etməkdən imtina edir.

Ərizə borclunun yaşadığı (hüquqi şəxsin olduğu) yer üzrə, borclunun yaşadığı yur (hüquqi şəxsin olduğu yer) məlum olmadıqda isə əmlakının olduğu yer üzrə kommersiya məhkəməsinə veriləcək. Arbitraj icraatının tərəflərin razılığı ilə ərizə arbitrajın keçirildiyi yer üzrə və ya ərizəni təqdim etmiş tərəfin yaşadığı (hüquqi şəxsin olduğu) yer üzrə kommersiya məhkəməsinə verilə bilər.

Ərizə arbitraj qərarının könüllü icrası müddətinin bitdiyi tarixdən 3 ildən gec olmayaraq verilə bilər.

Arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi və ya bundan imtina barədə məhkəmə qərarından apelyasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı qətidir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi