Azərbaycan “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın mərkəzi orqanlar arasında hər hansı digər əlaqələrin həyata keçirilməsi zamanı fransız dilindən istifadə olunmasından imtina edir.
"Report"un xəbərinə görə, bununla bağlı “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Azərbaycan bu Konvensiyaya iki qeyd-şərtlə qoşulur. Belə ki, Azərbaycan “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın 62-ci maddəsinə və 2-ci bəndinə uyğun olaraq, Konvensiyanı 18 yaşınadək uşaqlara münasibətdə valideyn-uşaq münasibətlərindən yaranan aliment öhdəliklərinə tətbiq edir.
Digər qeyd-şərt isə belədir: Azərbaycan “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın 62-ci və 44-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq, mərkəzi orqanlar arasında hər hansı digər əlaqələrin həyata keçirilməsi zamanı fransız dilindən istifadə olunmasından imtina edir.
Qeyd edək ki, Konvensiyanın 44-cü maddəsinin (Dilə dair tələblər) 3-cü bəndi isə belədir: "Mərkəzi orqanlar tərəfindən başqa cür razılaşdırılmadığı təqdirdə, belə orqanlar arasında hər hansı digər əlaqə sorğu edilən dövlətin rəsmi dilində və ya ingilis, yaxud fransız dillərində həyata keçirilir. Lakin razılığa gələn dövlət 62-ci maddəyə uyğun olaraq qeyd-şərt etməklə ingilis və ya fransız dillərindən istifadəyə etiraz edə bilər.