Dekabrın 18-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüb.
"Report" xəbər verir ki, qonaqları salamlayan birinci vitse-spiker ölkəmizdəki yeni siyasi mühit, onun qanunvericiliyə təsiri, yeni qəbul olunmuş “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunlar barədə məlumat verib. O, qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tarixi zərurətdir.
Ölkəmizin ATƏT DTİHB ilə əməkdaşlıq əlaqələrindən danışan Əli Hüseynli diqqətə çatdırıb ki, Azərbaycanda Seçki Məcəlləsi 20 ildən artıqdır ki, qəbul edilib. Ötən illər ərzində bu Məcəllə daha da təkmilləşdirilib, hər ötən seçkidən sonra DTİHB-nin tövsiyələri izlənilib və hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir. O, bildirib ki, hazırda Azərbaycanda professional seçki administrasiyası mövcuddur və ilk dəfə olaraq seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.
Görüş üçün minnətdarlığını ifadə edən DTİHB EQM-nin nümayəndəsi Qoran Petrov bildirib ki, səfər seçki öncəsi vəziyyət və seçki mühiti ilə tanış olduqdan sonra bu barədə hesabat hazırlanması məqsədi daşıyır.
Sonra Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli seçki prosesi və qanunvericiliklə bağlı DTİHB EQM-nin nümayəndələri Martina Barker Çiqanikovanı və Qoran Petrovu maraqlandıran suallara aydınlıq gətirib.
Həmin gün Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüblər.
Görüşdə iştirak edən siyasi partiyaların təmsilçiləri – Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Məmmədov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Respublikaçı Alternativ Partiyasının üzvü Erkin Qədirli və Vəhdət Partiyasının sədri Tahir Kərimli çıxış edərək bildiriblər ki, gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuş Vətən müharibəsindən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində baş tutacaq.
Qeyd olunub ki, görüşdə iştirak edən partiya sədrləri - Qüdrət Həsənquliyevin, Fazil Mustafanın və Razi Nurullayevin namizədlikləri qarşıdan gələn növbədənkənar prezident seçkilərində iştirak etmək üçün irəli sürülüb.
DTİHB EQM-nin nümayəndələrinin Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı suallarını cavablandıran deputatlar, növbədənkənar prezident seçkilərinin elan olunmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olduğunu bildiriblər, seçki prosesinə hazırlıq, təbliğat və təşviqat kampaniyası, namizədlərin qeydiyyatı barədə məlumat veriblər, həmçinin azad olunmuş əraziləri əhatə edən seçki dairəsi və məntəqələrin yaradıldığını diqqətə çatdırıblar.
Görüşün sonunda Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli gələn il keçiriləcək növbədənkənar prezident seçkilərinin şəffaf, ədalətli, azad şəkildə baş tutacağına əminliyini ifadə edib.