Parlamentin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov Azərbaycanla qurum arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıb.
O bildirib ki, Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə yanaşıb: "Əlaqələrin inkişafında həmməruzəçilər mühüm rol oynayır".
O qeyd edib ki, ölkədə insanların hüquq və azadlıqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması, firavan yaşaması üçün mühüm addımlar atılır: "Bununla bağlı qanunvericilik bazası təkmilləşdirilir".
O, AŞPA-da təmsil olunan deputatlarımızın qurumun bütün tədbirlərində səmərəli fəaliyyəti barədə də danışıb.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak səmimi görüş üçün minnətdarlığını bildirib. O, Azərbaycan dövlətinin son illərdə yüksək templə inkişaf etdiyindən məmnunluğunu diqqətə çatdırıb. Həmməruzəçi tərəqqinin davamlı olması üçün dünyada və bölgədə sülhün və əmin-amanlığın bərpasının böyük önəm kəsb etdiyini deyib.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva və Asim Mollazadə iştirak ediblər.