“Azərbaycan dövləti çoxpartiyalı sistemə keçid etdiyindən siyasi partiyalarla bağlı təkmilləşməyə ehtiyac var. Çünki son illər dünyada çoxsaylı dəyişikliklər baş verir. Hesab edirəm ki, baş verən hadisələr fonunda xaricdən olan təsirlərin qarşısını almaq üçün öz siyasi sistemimizə müəyyən məhdudiyyətlər qoymalıyıq”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xaricdən maliyyələşmə, siyasi korrupsiya çox ciddi amildir:
“Bunu Fransa parlamentinin fəaliyyətində, ABŞ Konqresində görürük. Bunu aşkarlamaq lazımdır, yaxud da qanunvericilikdə bununla bağlı məhdudiyyətlər olmalıdır. Bir təklifimiz də xalqın adından siyasi partiyanın danışması ilə bağlıdır. Eyni zamanda siyasi partiya üzvünün də hər hansı məhdudiyyətləri onun fəaliyyətində olmamalıdır”.