“Ali təhsil haqqında” qanun layihəsi irəli sürülən yeni təkliflərlə birgə müvafiq qurumlara göndəriləcək.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin yanvarın 22-də keçirilən iclasında deyib.
O bildirib ki, layihə ötən il komitə üzvlərinə paylanılmışdı: “Qanun layihəsi müzakirələrdən sonra rəy və təkliflərin verilməsi üçün müvafiq icra hakimiyyətlərinə göndərilmişdi. Bundan sonra xeyli sayda təkliflər gəldi və hamısı nəzərə alınıb. Bununla yanaşı yenə də təkliflər daxil olub. Belə qərara gəlindi ki, yeni təkliflər razılaşdırılması və rəy verilməsi üçün müvafiq qurumlara göndərilsin. Hesab edirəm ki, artıq yaz sessiyasında təklif və rəyləri yekunlaşdırıb “Ali təhsil haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxara biləcəyik”.
"Ali təhsil haqqında" qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin iş planına daxil edilib.
"Report" xəbər verir ki, layihə yaz sessiyası müddətində müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, parlamentin Elm və təhsil komitəsində hazırlanan "Ali təhsil haqqında" qanun layihəsi 12 fəsil 55 maddədən ibarətdir.
Sənəd Azərbaycanda ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.