Yuxarı

MSK İlyas İsmayılovun şikayətinə baxıb

Ədalət Partiyası sədrinin şikayəti təmin olunmayıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd olmuş Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun şikayətinə baxılıb.

“Report”un məlumatına görə, İ.İsmayılov noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı həmin seçki dairəsinin nəticələrinin ləğv edilməsini xahiş edib.

O bildirib ki, səsvermə günü seçki məntəqələrində qanun pozuntuları baş verib.

MSK katibi Arifə Muxtarova deyib ki, müraciəti deputatlığa namizədin nümayəndəsi Mütəllim Rəhimli təqdim edib. Onun sözlərinə görə, M.Rəhimlinin İ.İsmayılovun adından müraciət təqdim etmək hüququ yoxdur, çünki o, MSK-da səlahiyyətli nümayəndə kimi qeydiyyatdan keçməyib.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, ilk dəfədir belə hal baş verib: “Onun nümayəndəsinin belə bir müraciət təqdim etmək hüququ yoxdur. Buna baxmayaraq, MSK bu müraciəti araşdırıb”.

A.Muxtarovanın dediyinə görə, MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, təqdim edilən aktlarda pozuntunun hansı məntəqələrdə baş verməsi göstərilməyib: “Təqdim edilən aktlarda pozuntu baş verən vaxtlar göstərilməyib. Təqdim edilən görüntülərdə isə ciddi pozuntunun olmadığı aşkarlanıb”.

Müraciət müəllifinin 11 məntəqə üzrə iddiası araşdırılıb. Həmin iddiaların da əsassız olduğu məlum olub.

Sonda İ.İsmayılovun müraciəti təmin edilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi