Yuxarı

Türkiyəli jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar

Görüşdə qaldırılan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb

Bakı. 23 iyun. REPORT.AZ/ Tərəfsiz Jurnalistlər İctimai Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalist Azərbaycan Mətbuat Şurasında olub.

Şuranın mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, Türkiyə Qəzetəcilər Federasiyonunun sədr müavini Mehmet Ali Dimdən, “Alaniya posta” qəzetinin sahibi Mehmet Ali Gürsesdən, “Album” jurnalının sahibi Mehmet Çelikdən və “Alanya TV”nin baş direktoru Aykut Sipahioğludan ibarət heyət üzvlərini salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyə və Azərbaycan arasındakı qardaşlığın media müstəvisində də davam etdirildiyini əlamətdar cəhət kimi vurğulayıb.

Hər iki ölkə jurnalistlərinin türk dünyasının ortaq problemlərinə baxış bucağının uzlaşdırılmasının vacibliyini önə çəkən Amaşov eyni zamanda bildirib ki, mövcud istiqamətdə konkret sistemli iş birliyinin yaranması qaçılmaz prosesdir. Bu mənada istər Türkiyədəki, istərsə də Azərbaycandakı jurnalist qurumlarının, xüsusən də kütləvi informasiya vasitələrinin fəallığı müsbət nəticələr verməkdədir. Bununla belə deputat görüləcək işlərin çoxluğuna da diqqət çəkib.

Türkiyəli qonaqlar çıxışlarında bildiriblər ki, qlobal informasiya müharibəsi şəraitində hər iki ölkənin labüd təzyiqlərdən uzaq olması üçün media quruluşları fəaliyyətlərini gücləndirməlidirlər, eyni zamanda təcrübə mübadiləsi məsələləri də ön planda olmalıdır.

Görüşdə qaldırılan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi