Yuxarı

​Qırğızıstanın “Piramida” telekanalında Heydər Əliyev haqqında film nümayiş etdirilib

Mayın 10-11-də “Hakimiyyətin yükü” filmi Qırğızıstanın dövlət televiziya kanalında da göstəriləcək

Bakı. 6 may. REPORT.AZ/ Bu gün Qırğızıstanın “Piramida” televiziya kanalında ulu öndər Heydər Əliyev haqqında Rusiyanın tanınmış rejissoru Andrey Konçalovskinin çəkdiyi “Hakimiyyətin yükü” adlı filmi nümayiş etdirilib.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, mayın 10-da filmin birinci hissəsi, 11-də isə ikinci hissəsi Qırğız Respublikasının dövlət televiziya kanalı olan KTRK-da nümayiş olunacaq.

Qeyd edək ki, ikihissəli filmdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, milli təhlükəsizlik orqanlarında işlədiyi dövr haqqında söhbət açılır. Filmdə ulu öndərin 1969-cu ildən 1982-ci ilədək Azərbaycana rəhbərlik etdiyi, eləcə də Moskvada işlədiyi dövr də əhatə olunub.

Kino əsərində həmçinin dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən hakimiyyətə qayıtması, ölkəni böhrandan xilas etməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunmasındakı xidmətləri və digər məsələlər sənədli təsvirlərin dili ilə şərh edilir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ilinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun Qırğızıstanın dövlət qəzeti olan və qırğız dilində çap olunan “Kırqız Tuusu” qəzetinin mayın 5-də çap olunan 35-ci sayında “Dövlət başçısı olmaq vəzifədir, liderlik isə alın yazısıdır” adlı məqaləsi çap olunub. Mayın 11-də çap olunacaq Qırğızıstanın ən çox oxucu kütləsinə sahib olan qəzeti olan “Veçernıy Bişkek” qəzetinin növbəti sayında isə eyniadlı məqalə rus dilində dərc ediləcək.

Məqalədə bildirilib ki, ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verir. O, ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışıb. Ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir ulu öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib.

Bildirib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin təşəbbüslərindən danışan səfir deyib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur.

Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını dilə gətirib.

Diplomat bildirib: “Ulu Öndər Heydər Əliyev deyirdi: Manasın dili – bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.

Ulu Öndər Heydər Əliyevin ad gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində səfirlik tərəfindən digər tədbirlər həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi