Qida Təhlükəsizliyi Agentliyi “ASAN Radio” ilə əməkdaşlıq edəcək

Qida Təhlükəsizliyi Agentliyi “ASAN Radio” ilə əməkdaşlıq edəcək Bakı. 2 aprel. REPORT.AZ/ Bu həftədən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “ASAN Radio” ilə əməkdaşlığa başlayır.
Media
2 Aprel , 2018 14:41
Qida Təhlükəsizliyi Agentliyi “ASAN Radio” ilə əməkdaşlıq edəcək

Bakı. 2 aprel. REPORT.AZ/ Bu həftədən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “ASAN Radio” ilə əməkdaşlığa başlayır. 

Bu barədə "Report"a  AQTA-nın Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən məlumat verilib. 

Məlumata görə, dövlət qurumları ilə vətəndaşlar arasında vasitəçi olan, əhalinin sosial və hüquqi sahədə maariflənməsinə daim dəstək verən “ASAN Radio” bundan sonra AQTA-nın geniş maarifləndirmə layihələrinin də iştirakçısına çevriləcək.

Əməkdaşlıq proqramı çərçivəsində ilk addım olaraq, aprelin 4-dən başlayaraq, “ASAN Radio”nun efirində AQTA-nın xüsusi radio verilişinin yayımlanması planlaşdırılıb. Hər həftə yayımlanacaq bu proqram dinləyiciləri Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətləri haqqında ən geniş və səhih informasiya ilə təmin edəcək.

“ASAN Radio”da efirə gedəcək verilişdə dinləyicilər qida təhlükəsizliyi ilə bağlı onları maraqlandıran bir sıra suallara cavab tapacaq. Belə ki, sertifikatlaşdırma, müəssisələrin qeydiyyata alınması qaydaları, qida təhlükəsizliyi anlayışı, qida zənciri halqaları, “tarladan süfrəyə” qida məhsullarının hərəkətinin izlənilməsi, qida təhlükəsizliyini təmin etmək məqsədilə gözlənilən gigiyenik-sanitar norma və qaydalar, rasional qidalanma və s. haqqında geniş və faydalı məlumatlar, sadə, aydın dildə dinləyicilərlə bölüşüləcək.

Xatırladaq ki, AQTA qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Son xəbərlər

Orphus sistemi