Yuxarı

PA şöbə müdirinin müavini: “Azərbaycanda söz və ifadə azadlığı, fikir plüralizmi mövcuddur”

“Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və media nümayəndələri iştirak edib.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, müasir cəmiyyətdə medianın rolunu xüsusi qeyd lazımdır.

O qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra media da inkişaf etməyə başlayıb: “Hazırda ölkədə söz və ifadə azadlığı var, bu hər zaman təmin olunur. Prezident İlham Əliyev fəaliyyətə başladığı gündən mediaya xüsusi diqqət yetirib. Bu istiqamətdə bir sıra qərarlar qəbul olunub. Bütün bunlar medianın inkişafına dəstəkdir. Azərbaycan mediası ölkənin azadlığı və müstəqilliyiniğə töhvəsini verib”.

H.Hüseynova vurğulayıb ki, jurnalistlər cəmiyyətdə böyük missiya daşıyırlar. “Jurnalistlər ailə daxili münaqişələrin işıqlandırılması zamanı konfedensiallığı qorumalıdır", - Komitə sədri əlavə edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında cəmiyyətdə medianın rolundan danışıb.

O xatırladıb ki, Azərbaycan mediası 1875-ci ildən başlayaraq cəmiyyətdə hansı önəmli hadisə baş veribsə, işıqlandırıb: “Fəxrlə deyə bilərik ki, Şərqdə ilk demokratik respublikanı qura bilmişik. Burada mətbuatın böyük rolu olub. Sovet dövründə bəzi problemlər vardı. Media olmasaydı, dilin, adət-ənənənin qorunması mümkün olmazdı. Milli Azadlıq Hərəkatının formalaşmasında da jurnalistlərin əməyini xüsusi qeyd etmək lazımdır. Bir sözlə, Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır”.

Ə.Amaşov qeyd edib ki, Azərbaycan mətbuatı ölkənin xaricdə imicinin formalaşmasında böyük əhəmiyyət kəsb edir: “Amma müəyyən problemlər olur, məsələn, Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycan mediasında düzgün olmayan informasiyalar yayılırdı. Bunu yayanlardan biri də ANS telekanalı idi. Biz buna təəssüf edirik, bu milli maraqlara uyğun deyildi”.

Mətbuat Şurasının sədri Azərbaycan dövlətində ailə siyasətinin düzgün qurulduğunu qeyd edib: “Bununla bağlı dövlət komitəsi də yaradılıb. Amma bu məsələ ilə bağlı mediada bəzi problemlər var. Ailədaxili münaqişələrin işıqlandırılması doğru deyil. Biz daha çox müsbət obrazları, nümunələri işıqlandırmalıyıq. Cəmiyyəti mənfi rəyə kökləməməliyik”.

Ə.Amaşov bildirib ki, bəzi xəbər saytları neqativ xəbərlərə üstünlük verməklə mənfi rəy formalaşdırmağa çalışırlar: “Məndə belə qənaət var ki, hansısa kənar qüvvə bu işləri təşkil edir. Yəni, mənfi rəyə köklənmiş saytları maliyyələşdirirlər”.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev çıxışında qeyd edib ki, Azərbaycanda söz və ifadə azadlığı, fikir plüralizmi mövcuddur: “Azərbaycanda hər bir kəsin məlumat almaq və yaymaq hüququ var. Ölkədə medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı mükəmməl qanunvericilik bazası var”.

V.Əliyevin sözlərinə görə, Azərbaycan nadir və yeganə ölkədir ki, jurnalistlər mənzillə təmin olunur: “Yəni, dövlət media və jurnalistika qarşısında öhdəsinə nə düşürsə, onu lazımınca yerinə yetirir”.

O deyib ki, Azərbaycanda ailələrlə, uşaq hüququnun qorunması ilə bağlı qadın jurnalistlərin rolu böyükdür.

Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva mətbuatın ölkə həyatındakı rolundan danışıb.

S.Vəliyeva vurğulayıb ki, millətin ən ali dəyəri ailədir: “Düşünürəm ki, Azərbaycan ailəsi digərlərindən fərqlənir. Yəni, islam inancı, böyük-kiçik məsələsi var. Bu gün Azərbaycan ailəsi inkişaf edir. Azərbaycan qadını dünya tribunasına çıxış əldə edib”.

O qeyd edib ki, mətbuatdan kriminal xəbərlərin sayı azaldılmalıdır.

S.Vəliyeva ANS televiziyasının bağlanılmasına da münasibət bildirib: “İlk özəl telekanaldır. Biz bu hərəkəti onlara yaraşdırmadıq. “İlk televiziyayam” deyərək, qanuna tabe olmamaq doğru deyil. Bütün bunlar o kanalın bağlanmasına səbəb oldu. Vətənpərvər olmalıyıq”.

Tədbir çıxışlarla davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi