Yuxarı

Ombudsman: "Mətbuatın imkanlarından heç də həmişə lazımi səviyyədə istifadə edilmir"

Ombudsman: Məlumatlar cəmiyyətdə baş verən müsbət hadisələri kölgədə qoymamalı, informasiya birtərəfli olmamalıdır

"Mətbuat azadlığı sahəsində yaradılmış geniş imkanlara baxmayaraq, cəmiyyətə ötürülən informasiyanın mahiyyəti və məzmunu zəruri və obyektiv informasiyaya olan təlabatı ödəmir"

Bakı. 3 mart. REPORT.AZ/ "İnsan hüquqlarına hörmətlə yanaşan hər bir jurnalist cəmiyyətin həyatında baş verən bütün hadisələrin şərhinə obyektiv yanaşmağı və təhlil etməyi, istər aidiyyəti ünvanlara, istərsə də oxucuya qərəzsiz və düzgün informasiya çatdırmalıdır. Qeyd edilməlidir ki, mətbuatın imkanlarından heç də həmişə lazımi səviyyədə istifadə edilmir, mətbuat azadlığı sahəsində yaradılmış geniş imkanlara baxmayaraq, cəmiyyətə ötürülən informasiyanın mahiyyəti və məzmunu zəruri və obyektiv informasiyaya olan təlabatı ödəmir". "Report" xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2014-cü il üzrə illik məruzəsində bildirilib.

Hesabatda qeyd edilir ki, insanlarda bədbinlik və ümidsizlik yaradan, bəzən də qeyri-peşəkar tərzdə hazırlanan məlumatlar onların şüur və düşüncəsinə təsir edərək, qeyri-qanuni davranışlara, psixoloji pozuntuların yaranmasına, faciələrə, əxlaqsız hərəkətlərə və digər mənfi hallara səbəb olur: "Təbii ki, baş vermiş hadisələrlə bağlı məlumatların verilməsinə ehtiyac var. Lakin bu məlumatlar cəmiyyətdə baş verən müsbət hadisələri kölgədə qoymamalı, informasiya birtərəfli olmamalıdır".

İllik məruzədə deyilir ki, məlumatın cəmiyyətə böyük təsir göstərdiyi, habelə operativ olaraq internet vasitəsilə əldə edildiyi nəzərə alınsa, onun nəticələrinə görə mətbuat nümayəndələrinin, ictimai xadimlərin, ziyalıların məsuliyyəti daha da artır: "Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən fikir və söz azadlığına hörmət, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması, hər bir demokratik dövlətin ümdə vəzifələrindəndir. Təhqir, reketçilik, böhtan xarakterli, yoxlanılmamış və qeyri dəqiq məlumatların yayılması yolverilməz olduğu kimi, peşə etikası və peşəkarlıq tələblərinə riayət edilməsi də zəruridir. Odur ki, jurnalistlər qanunun tələblərinə əməl etməli, öz yazılarında vətəndaşların şəxsi və ailə həyatlarına müdaxilə edilməsi, onların işgüzar nüfuzuna xələl gətirilməsi, razılıq olmadan vətəndaşın şəxsi həyatı barədə, habelə həqiqətə uyğun olmayan məlumatların yayılması kimi hallara yol verməməli, bununla yanaşı, daim öz peşəkarlığının artırılması, cəmiyyətə dəqiq, qərəzsiz informasiyanın çatdırılması yönümündə çalışmalıdırlar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi