Yuxarı
    Bağlamaq

    Nuşirəvan Məhərrəmli: "Sənət adamları öz fikirlərini Azərbaycan dilində deyə bilmir"

    Bu problemin aradan qaldırılması istiqamətində daim monitorinqlər aparırıq və artıq müsbət nəticələr əldə olunur

    Bakı. 24 noyabr. REPORT.AZ/ "Azərbaycan televiziya məkanında ədəbi dilin normalarının pozulmasında bəzən ölkə ziyalılarının və elm adamlarının da rolu olur". "Report" məlumat verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında MTRŞ və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində 2014-cü ilin sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri barədə keçirilən mətbuat konfransında deyib.

    N.Məhərrəmli qeyd edib ki, bəzən televiziya kanallarında efirə dəvət olunan elm adamları, sənət adamları öz fikirlərini Azərbaycan dilində deyə bilmir: "Bu, bizi çox narahat edir. Lakin əvvəlki monitorinqlərin nəticələri ilə müqayisədə ədəbi dil normalarının pozulması halları azalıb".

    MTRŞ sədri bəzən televiziya kanallarında müxtəlif ləhcələrlə danışılması məsələsinə toxunub. O, qeyd edib ki, bəzən aparıcılar müxtəlif regiona xas olan dialekt ilə danışır: "Ancaq Azərbaycanın vahid dil forması mövcuddur, necə ki, bunu orta məktəblərdə öyrədirlər. Biz bu problemin aradan qaldırılması istiqamətində daim monitorinqlər aparırıq və artıq müsbət nəticələr əldə olunur".

    N.Məhərrəmli həmçinin qeyd edib ki, televiziya kanallarında şou xarakterli verilişlərin azalması tendensiyası, intellektual xarakterli verilişlərin isə artması tendensiyası müşahidə olunur: "Biz daim bu məsələni də nəzarətdə saxlayırıq".

    N.Məhərrəmli deyib ki, televiziya kanallarının əsas vəzifəsi cəmiyyəti maarifləndirməkdir və onların üzərinə böyük məsuliyyət düşür. Televiziya kanallarına yalnız kommersiya xarakterli təşkilatlar kimi baxılmamalıdır, TV-lər cəmiyyət qarşısında ciddi məsuliyyət daşıyan fəaliyyət sahəsidir: "Bu baxımdan, orta səviyyəli biliyi olan inasanların aparıcılıq etməsinə imkan verilməməlidir. Aparıcılar yüksək intellektual səviyyəyə malik olmalıdır. Bizim məqsədimiz televiziya kanallarını tənqid etmək deyil, ancaq bu nöqsanların aradan qaldırılması, həm də televiziya kanallarının özlərinin xeyrinədir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi