Yuxarı

MTRŞ rəsmisi Kinorejissorlar Gildiyasını tənqid edib

Bu qurum yerli filmlərin nümayişi üçün kifayət qədər böyük məbləğ tələb edir

Bakı. 5 avqust. REPORT.AZ/ "Yay mövsümü ilə əlaqədar telekanalların verilişlərinin bir çoxu tətilə çıxıb ki, məhz onların yerini də yayımçılar filmlərlə doldurmağa çalışır. Əsasən də xarici filmlərlə. Yəqin çoxumuza maraqlıdır ki, niyə məhz xarici filmlərlə? Əvvəla onu qeyd etmək lazımdır ki, kino yaradıcılığı ilə məşğul olan bəzi qurum təmsilçilərinin iddia etdiyi kimi, MTRŞ milli filmlərin yayım kvotasını müəyyənləşdirə bilməz. Çünki qanunvericilikdə belə bir məsələ əksini tapmayıb". "Report" xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.

O, yayımçıların xarici filmlərə üstünlük verməsinin digər səbəbi kimi milli filmləri əldə etmə və nümayiş etdirməyin onlara çox baha başa gəlməsi ilə izah edib: "Çünki Kinorejissorlar Gildiyası yerli filmlərin nümayişi üçün kifayət qədər böyük məbləğ - 1 saat üçün 70 azn tələb edir. Bu isə telekanallara sərf etmir. Məsələnin qəribə tərəfi ondan ibarətdir ki, Gildiya sovet dövründə və hazırda dövlət maliyyəsi ilə çəkilmiş filmlərə də bir növ sahib çıxıb, onların nümayişinə də pul tələbi qoyub. Halbuki həmin filmlər çəkilərkən haqqı, əziyyəti olanların hamısı mükafatlandırılıb və məhsullar dövlət mülkiyyətidir.

Bax, bu gün milli kanallarda milli filmlərin azlığının, hind və digər filmlərin isə baş alıb getməsinin səbəbləri qeyd etdiklərimdir. Əslində, bu sahədə çalışan hər kəs mövcud reallığı bilməli və təhlil apararkən haqlı-haqsız ittihamlar irəli sürməməlidirlər. Bu mənada bəzi xəbər portallarına açıqlama verərkən Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun işlətdiyi "MTRŞ-nın telekanallarda kino nümayişi siyasəti çox naşıdır. Bu qurumun milli televiziyalarımızda piratçılığın baş alıb getməsində nə marağı var, bunun qarşısını niyə almır" fikirləri özü problemin mahiyyətini bilməməkdən və naşılıqdan irəli gəlir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi