MTRŞ əkiz bacıların efirdə pul cırmasını tənqid edib

MTRŞ əkiz bacıların efirdə pul cırmasını tənqid edib "ANS-in "Salam Azərbaycan" verilişində efirin tələbləri tez-tez pozulur"
Media
10 Aprel , 2015 18:35
MTRŞ əkiz bacıların efirdə pul cırmasını tənqid edib

Bakı. 10 aprel. REPORT.AZ/ "ANS-in "Salam Azərbaycan" verilişində efirin tələbləri tez-tez pozulur. Verilişin aparıcıları bir sıra hallarda efir üçün məqbul olmayan, müəyyən mənada qeybət xarakterli müzakirələrə, bəzən isə sətiraltı açıq və ya formaca qeyri-etik ifadələrə, fikirlərə yer verirlər". "Report" xəbər verir ki, bu barədə 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi tərəfindən aparılan monitorinqlərin nəticələri ilə bağlı hazırladığı hesabatda bildirilir.

Hesabatda qeyd edilir ki, bəzən verilişdə aparıcılar mahiyyətini doğru-düzgün anlamadıqları müxtəlif məsələlər barəsində qeyri-peşəkar, bəzən isə aqressiv, hətta müəyyən qızışdırıcı xarakterli fikirlər səsləndirirlər: "Verilişin aparıcıları canlı efirdən sui-istifadə edərək manatın devalvasiyası ilə bağlı qeyri-peşəkar şərhlər verir, ictimaiyyət arasında çaşqınlıq yarada biləcək əsası olmayan fikirlər səsləndirir, çağırışlar edirlər. Əslində isə peşəkar jurnalist və ya KİV orqanı prosesləri obyektiv dəyərləndirməyi, məsələlərə emosional deyil, soyuqqanlı, düşünülmüş yanaşma sərgiləməyi bacarmalıdır. Ən əsası isə rəsmi qurumların mövqeyini öyrənmədən, peşəkarlarla məsləhətləşmədən məsuliyyətsiz ifadələr işlədilməsi söz azadlığından sui-istifadə edildiyini ortaya qoyur. Bu, həmçinin verilişin yaradıcı heyəti və xüsusilə də aparıcının peşəkarlıq səviyyəsi ilə bağlı müəyyən şübhələr oyadır".

Hesabatda o da bildirilir ki, şou-bizneslə bağlı verilişlərdə milli-mənəvi dəyərlərə, efir etikasına zidd hallara yol verilməsi də neqativ hallardan biri kimi qeyd edilməlidir: "Ümumiyyətlə, bu cür hallara yol verməklə, yayımçılar "Televiziya və radio yayımı haqqında" qanunun 3-cü maddəsinin tələblərini (yayımçı öz fəaliyyətində insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi prinsiplərinə əsaslanmalıdır) pozurlar".

"Efirdə bəzi aparıcıların həm efir mədəniyyətinin, həm də aparıcılıq səviyyəsinin aşağı olması da milli efirimizin çatışmazlıqlarındandır. Xüsusilə də aparıcılıq etmək üçün dəvət olunan populyar şəxslər (müğənnilər, aktyorlar və s.) sözügedən problemi bir qədər də aktuallaşdırır. Belə ki, onların efir təcrübəsinin olmaması, həmçinin bəzən özünü konsert səhnəsində aprırmış kimi şıltaqlıqları, bayağı hərəkətləri və sair efir mədəniyyətinə zidd olmaqla televiziya aparıcılığı ilə bağlı problemin qabarmasına gətirib çıxarır. Digər tərəfdən bu və ya digər verilişə aparıcılıq edənlərin bilik səviyyələrinin yetərincə olmaması da diqqəti çəkir. Belə ki, bəzən verilişlərdə aparılan müzakirələrə istiqamət verməli olan aparıcının xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, Azərbaycan coğrafiyası və sairə haqqında biliksizliyi, ümumi dünyagörüşünün azlığı verilişin maraqsız və keyfiyyətsiz şəkil almasına səbəb olur. Məsələn, "Xəzər" televiziyasında efirə gedən "Hər şey daxil" verilişinin müğənni aparıcıları Sevil və Sevinc bacıları əvvəlcə Azərbaycanın milli valyutasına etdikləri hörmətsizliklə, yəni efirdə 1 manatlıq əskinası cırmaqla, ardınca isə ölkə coğrafiyası barədə məlumatsızlıq (Balakən rayonunun Naxçıvan MR-də yerləşdiyini deməklə) nümayiş etdirməklə gündəmə gəliblər" - hesabatda qeyd olunur.

Bundan başqa, hesabatda Azərbaycanın efir məkanının mühüm problemlərindən birinin kanalların onlara verilən efir vaxtının sanballı efir məhsulları ilə doldura bilməmələri də vurğulanıb: "Belə ki, bəzən kanallar bu problemi aradan qaldırmaq üçün proqramlarda təkrarçılığa yol verirlər ki, bu da bir sıra hallarda xoşagəlməz nəticələrə səbəb olur. Məsələn, axşam saat 23.00-dan sonra yayımlanmış bu və ya digər veriliş gündüz saatlarında təkrar olunur. Bu zaman isə bir sıra hallarda gündüz saatlarında efirə verilməsi məqbul olmayan səhnələrin yayımlanması, ifadələrin səsləndirilməsi halları müşahidə olunur ki, bu da uşaq və yeniyetmələrin fiziki, əqli və mənəvi inkişafına ziyan vurma problemini aktuallaşdırır".

Son xəbərlər

Orphus sistemi