Yuxarı

​Mətbuat Şurasına üzvlük üçün yeni qaydalar təsdiqlənib

Şuraya üzv olmaq istəyən qurumların məsələsinə yeni qaydalara əsasən baxılacaq

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, iclasda müzakirə edilən məsələ Şuraya üzvlük qaydalarının yeni variantı olub. MŞ sədri Əflatun Amaşov bildirib ki, yeni variant İdarə Heyətinin üzvləri ilə bir neçə dəfə müzakirə olunub. Sənədə ekspertlər də rəy veriblər. Şura sədri qaydaların İdarə Heyətinin ötən iclasında əsas olaraq qəbul edildiyini diqqətə çatdıraraq orada yer alan bir sıra prinsipial məqamlardan söz açıb: "Ümumən qaydalar bütün növ media fəaliyyəti ilə məşğul olan qurumlar üçün eyni tələbləri müəyyənləşdirir. Başlıca tələb peşə prinsiplərinə riayət etmək, iş mütəmadiliyini qorumaq və fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn tələblərə uyğun qurmaqdır. Müəyyən spesifik cəhətlər də var ki, onlar əsasən onlayn media resursları ilə bağlıdır. Digər tərəfdən, ənənəvi kütləvi informasiya vasitələrinin, yəni qəzet və jurnalların lazımi tiraj göstəricilərinin dəqiqləşdirilməsi də önəmli cəhətdir".

Ə.Amaşov qaydalarda Şuraya üzv olmaq istəyən təşkilatlar üçün zəruri fəaliyyət ardıcıllığının müəyyənləşdirilməsini də vacib cəhət kimi önə çəkib.

Müzakirələr gedişində sənəd qəbul edilib. MŞ-yə üzv olmaq istəyən qurumların məsələsinə yeni qaydalara əsasən baxılması qərara alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi