Mətbuat Şurası internet informasiya resurslarına və sosial şəbəkə istifadəçilərinə müraciət edib

Mətbuat Şurası internet informasiya resurslarına və sosial şəbəkə istifadəçilərinə müraciət edib Şura Ermənistanın dövriyyəyə buraxdığı və Azərbaycan hərbçilərinin cəsədlərinin yer aldığı iddia olunan video-görüntüləri yaymamağa çağırıb
Media
28 Fevral , 2017 13:55
Mətbuat Şurası internet informasiya resurslarına və sosial şəbəkə istifadəçilərinə müraciət edib

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası internet informasiya resurslarına, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinə müraciət edib.

"Report" xəbər verir ki, şura Ermənistanın dövriyyəyə buraxdığı və Azərbaycan hərbçilərinin cəsədlərinin yer aldığı iddia olunan video-görüntüləri yaymamağa çağırıb.

Müraciətdə bildirilib ki, bu il fevralın 26-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində hərbçilərimiz həlak oldu: "Məlum olduğu kimi, Ermənistan hakimiyyəti və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli gələrək əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı. Onların dövriyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı video-görüntü də məhz həmin müddətdə hazırlanmışdı". 

Müraciətdə qeyd edilib ki, məlum video-görüntü Azərbaycan ictimaiyyəti içərisində xof yaratmaq, qorxu aşılamaq məqsədi daşıyır: "Təəssüf ki, bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə istifadəçiləri bunun fərqinə varmırlar, məsələyə sentimentallıq çalarları gətirərək paylaşımlar edirlər. Qabardılan cəhət isə əsgərlərin əl-ələ tutaraq şəhid olmalarıdır. Hər bir halda yerdəki cansız cəsədlər Azərbaycan hərbçilərinindir, yaxud Ermənistan tərəfindən Azərbaycan hərbçilərinə məxsus olduğu iddia edilir.

Nəzərə almaq lazımdır ki, övladı, qardaşı, qohumu hazırda cəbhə xəttində xidmət edən vətəndaşlarımız var. Onların həmin görüntüləri izləyərkən hansı ağır hisləri keçirdiklərini təsəvvür etmək çətin deyil. Ermənistan hakimiyyət dairələri də məhz ağır hislərə toxunmaq, inamsızlıq aşılamaq «məqsədi» güdürdülər.

Şura kütləvi informasiya vasitələrinə, KİV kimi fəaliyyət göstərdiyini iddia edən hüquqi və fiziki şəxslərə cəmiyyətdə ruh düşkünlüyü yarada bilən, yaratması ehtimal olunan meyllərdən uzaq durmağı, həssas davranmağı tövsiyə edir.

Bir daha bildiririk ki, həssas olmaq peşəkarlıq göstəricisidir. Peşəkarlıq isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin materiallarına istinad, əldə edilmiş məlumatların bu qurumla dəqiqləşdirilməsidir". 

Son xəbərlər

Orphus sistemi