Yuxarı
    Bağlamaq

    Kubanın nüfuzlu jurnalında IV İslam Həmrəyliyi Oyunları barədə məqalə dərc edilib

    Məqalə ölkənin tanınmış jurnalisti Maria Viktoria Valdes tərəfindən yazılıb

    Bakı. 23 may. REPORT.AZ/ Kubanın ən çox oxunan nüfuzlu “Bohemia” jurnalında Azərbaycanda uğurla keçirilmiş IV İslam Həmrəyliyi Oyunları barədə ölkənin tanınmış jurnalisti Maria Viktoria Valdesin geniş məqaləsi dərc edilib.

    Azərbaycanın Kubadakı səfirliyindən "Report"a verilən məlumata görə, “Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi” başlıqlı məqalədə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Azərbaycanda xüsusi dövlət proqramına uyğun olaraq kütləvi və peşəkar idmanın inkişaf etdirilməsindən söz açılır.

    Məqalədə, Bakı 2017 Oyunlarının olduqca yüksək səviyyədə təşkil edilməsi və heyranedici açılış və bağlanış mərasimləri ilə yaddaşlarda qalacağı bildirilir. Qeyd edilir ki, “Gücümüz həmrəylikdədir” devizi ilə başa çatmış idman bayramı qardaşlıq və birlik ideyalarını özündə daşıyan islam mədəniyyətinə məxsus müxtəlif cəmiyyətləri Bakıda birləşdirib.

    Müəllif, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın çıxışına istinadən diqqətə çatıdırır ki, birinci Avropa Oyunları zamanı bütün qitəni birləşdirərək tarix yazmış Azərbaycan, hazırda Bakı 2017 çərçivəsində islamın sülh, tolerantlıq və xeyirhaqlıq ideyaları altında dörd qitəni təmsil edən islam dünyasını bir araya gətirdi. Bildirilir ki, bütün bunlar və beynəlxalq idman ictimaiyyəti üçün təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları kimi daha bir tarixi idman hadisəsi Azərbaycanın dinamik inkişafının bariz nümunəsidir. Minillərlə ölçülən qədim tarixə malik Azərbaycanın, eyni zamanda gənc, sürətlə inkişaf edən müstəqil dövlət olaraq, çoxmədəniyyətlilik ənənələrinə söykənən, açıq və tolerant bir cəmiyyət olduğu vurğulanır.

    Daha sonra, müəllif IV İslam Həmrəyliyi Oyunlarının simvolu kimi dünyada məşhur olan Qarabağ atlarından, habelə Azərbaycanın milli atüstü idman növlərindən çövkən, yaylıqqaçırtdı, sürpapaq oyunları kimi xalqımızın zəngin mədəniyyətinin bir hissəsi olan milli idman ənənələrindən bəhs edir. Bildirilir ki, çövkən atüstü oyunu haqda Dədə Qorqud səlnaməsində, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında qeyd olunan tarixi məlumatlara rast gəlmək olar. Eyni zamanda, güləş, boks, cüdo, şahmat və sair individual idman növlərində bütün dünyada məşhur idmançılar yetirmiş Azərbaycanda, futbolun kütləvi şəkildə çox sevilən idman növü olmasından söz açılır, Azərbaycanın ən məşhur futbol komandasının isə məhz “Qarabağ” futbol klubunun olduğu diqqətə çatdırılır.

    Məqalədə qeyd edilir ki, son on ildən çox müddətdə Azərbaycanda müxtəlif miqyaslı yüzlərlə beynəlxalq idman yarışları, o cümlədən Avropa və dünya birincilikləri çox yüksək səviyyədə keçirilmişdir. Müəllif xüsusi olaraq vurğulayır ki, Böyük beynəlxalq idman tədbirlərinin mükəmməl təşkilinə görə, habelə idmançılar və bütün qonaqların ehtiyaclarının lazımı şəkildə qarşılanmasına zəmanət verə bildiyi üçün Azərbaycan dünya miqyasında vacib idman ölkəsi kimi böyük nüfuz və etimad qazanmışdır. Bu xüsusda həmçinin, Bakıda keçirilmiş Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula-1 yarışları barədə məlumat verilir və öz növbəsində bütün bunların beynəlxalq olimpiya ailəsi tərəfindən Azərbaycana olan marağın daha da böyüməsinə və ölkəmizin irimiqyaslı beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsinə səbəb olduğu vurğulanır.

    Məqalədə, həmçinin son zamanlarda Azərbaycan və Kuba arasında idman sektorunda uğurlu əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindən söz açılır. Bu xüsusda, iki ölkənin yunan-roma və sərbəst güləş üzrə yığma komandalarının 2016-cı ilin may ayında Azərbaycanda birgə təlim-məşq toplantıları keçirməsi, həmçinin Bakıda ötən ilin sentyabr ayında Azərbaycan və Kuba Şahmat Federasiyaları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması barədə məlumat verilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi