Yuxarı

​Jurnalistlər Dövlət Bayrağı gününü bölgələrdə qeyd edəcək

Elşad Eyvazlı: Qərara gəldik ki, bundan sonra dövlətimizin belə əlamətdar günlərində müxtəlif bölgələrdə olaq

Bakı. 3 noyabr. REPORT.AZ Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü Dövlət Bayrağı gününü Göygöl rayonunda qeyd edəcək.

Bu barədə "Report"a qurumun rəhbəri Elşad Eyvazlı məlumat verib.

O qeyd edib ki, jurnalistlər belə bir təşəbbüs irəli sürüb və təklif birmənalı olaraq dəstəklənib: “Qərara gəldik ki, bundan sonra dövlətimizin belə əlamətdar günlərində müxtəlif bölgələrdə olaq. İnsanlarla görüşək, yazılar hazırlayaq. Belə səfərlər mütəmadi olacaq. Bayrağımız dövlətimizin suverenlik rəmzidir və ona sayğı hər bir vətəndaşın borcudur”.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub.

Azərbaycan bayrağı 162 metr yüksəklikdə dalğalanır. Bu, dünyanın ən yüksək bayraq dirəyidir. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2 450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi