​Əflatun Amaşov "Facebook"la bağlı fikirlərinə aydınlıq gətirib

​Əflatun Amaşov "Facebook"la bağlı fikirlərinə aydınlıq gətirib "İnsanların şərəf və ləyaqətini aşağılamaq, işgüzar nüfuzunu ləkələmək yolu tutan sosial şəbəkə profillərinə qarşı sərt ölçü tədbiri götürülməlidir"
Media
5 İyun , 2015 19:06
​Əflatun Amaşov Facebookla bağlı fikirlərinə aydınlıq gətirib

Bakı. 5 iyun. REPORT.AZ/ "Mən heç bir halda texnoloji yeniliyin əleyhinə olmamışam. Sosial şəbəkələr də texnoloji yeniliyin məhsuludur. Cəmiyyətimizə xeyri də var, ziyanı da. Elə bir dövrdə yaşayırıq ki, ziyanını da hiss edirik". "Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov "Facebook" səhifəsində yazıb.

MŞ sədri qeyd edib ki, bugünkü çıxışı birmənalı reaksiya doğurmayıb: "Bunu təbii qarşılayır və səslənən bütün fikirlərə hörmətlə yanaşıram. Təbii ki, bir çox şeylərin zamanla tənzimlənməsinə, yetkinləşməsinə ehtiyac var. Eləcə də bizlərin sosial şəbəkələrdən istifadə mədəniyyətinin formalaşmasına da. Bunun səviyyəsindən asılı olmayaraq sosial şəbəkələrə, həmçinin texnoloji yeniliklərin gətirdiyi məsələlərə münasibətimiz birmənalı şəkildə inzibati müstəvidə olmamalıdır. Mətbuat Şurasının fəaliyyəti də məhz bu prinsipə əsaslanır".

Ə.Amaşov qeyd edib ki, bugünkü toplantıda konkret olaraq bir profillə bağlı fikir bildirməyib: "Yenə də o düşüncədəyəm ki, insanların şərəf və ləyaqətini aşağılamaq, işgüzar nüfuzunu ləkələmək yolu tutan sosial şəbəkə profillərinə münasibətdə sərt ölçü tədbiri götürülməlidir. Dünyanın bir çox demokratik ölkələrində bununla bağlı prosedurlar həyata keçirilməkdədir. Yəni texnoloji yeniliyin gətirdiyi imkanlar heç də kimlər üçünsə cəmiyyətdə qarışıqlıq yaratmaq məramına söykənməməlidir. Bunun acı nəticələrini Yaxın Şərqdə baş verən proseslərdə gördük. Eyni ssenarinin ölkəmizdə təkrarlanması bizlər üçün müsbət perspektiv vəd etmir. Buna görə də hesab edirəm ki, ilk növbədə ictimaiyyətin məsələyə düzgün və qəti reaksiyasının olması mütləqdir. Əgər hansısa profildə Azərbaycanı aşağılayan fikirlər yer alırsa və bu, məqsədyönlü şəkildə həyata keçirilirsə, təbii ki, məsələyə münasibətdə də konkret mövqenin ortaya qoyulması vacibdir. İnsanı təhqir edən hər hansı profillə bağlı Azərbaycan vətəndaşı öz hüquqlarını müdafiə etmək imkanına malik deyilsə, nəzərə alaq ki, bu da insan haqları pozuntusudur. Bir çox serverlər ölkədən kənarda yerləşir. Onlara təsir mexanizmi yoxdur. Belə olan halda nə etməliyik? Bunun yolu "Facebook" sosial şəbəkəsini idarə edənlərə etiraz bildirməkdən keçir. Belə profillərin bağlanmasına nail olmalıyıq. Dediklərim bunlardan ibarət idi. O ki, qaldı fikirlərimin "Facebook"un bağlanmasına çağırış kimi qiymətləndirilməsinə, tam əmin olun ki, Azərbaycanda belə bir geriyə addım heç vaxt ola bilməz. Sadəcə, irəliyə doğru addımlarımız hər bir kəsin hüquqlarına hörmət üzərində qurulmalıdır".

Qeyd edək ki, bu gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov KİV rəhbərləri ilə görüşüb. Ə.Amaşov tədbirdəki çıxışı zamanı "Facebook" sosial şəbəkəsi ilə bağlı səsləndirdiyi fikirlər bəzi saytlar tərəfindən təhrif edilib. 

Son xəbərlər

Orphus sistemi