“Azərişıq” jurnalistlər arasında yazı müsabiqəsi elan edib

“Azərişıq” jurnalistlər arasında yazı müsabiqəsi elan edib I yerin qalibinə 1000 manat, II yerin qalibinə 800 manat, III yerin qalibinə isə 600 manat mükafat veriləcək
Media
22 Sentyabr , 2016 14:45
“Azərişıq” jurnalistlər arasında yazı müsabiqəsi elan edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Azərişıq" ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər. 

Bu barədə “Report”a “Azərişıq”ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müsabiqənin məqsədi Azərbaycanda elektrik enerjisi təsərrüfatının inkişafı, infrastrukturun yenidən qurulması, əhalinin keyfiyyətli və fasiləsiz enerji ilə təminatı sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdır.

“İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda keçiriləcək müsabiqəyə məqalələr oktyabrın 14-ə qədər davam edəcək.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

Qəzetdə dərc olunmuş yazıda “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Müsabiqədə I yer üçün bir, II yer üçün iki, III yer üçün üç yazı müəllifinin mükafatlandırılması nəzərdə tutulub.

I yerin qalibinə 1000 manat, II yerin qalibinə 800 manat, III yerin qalibinə isə 600 manat mükafat veriləcək.

Bundan əlavə, 10 yazı müəllifinin hərəsinə 200 manat həvəsləndirici mükafat veriləcək.

Qaliblər KİVDF və “Azərişıq”ın xüsusi diplomu ilə təltif olunacaqlar.

Son xəbərlər

Orphus sistemi