Yuxarı
    Bağlamaq

    Azərbaycanın iki jurnalisti Gürcüstanın "Əməkdar Jurnalisti" fəxri adına layiq görülüb

    Fəxri adlar təltif olunan jurnalistlərə təqdim olunub

    Tbilisi. 22 avqust.REPORT.AZ/ Gürcüstan Jurnalistlər İttifaqı (GJİ) İdarə Heyətinin qərarı ilə AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov və Azərbaycan Televiziyasının xüsusi müxbiri Şahismayıl Məmmədov bu ölkənin "Əməkdar Jurnalisti" fəxri adına layiq görülüblər.

    "Report"un Gürcüstan bürosu xəbər verir ki, fəxri adlar təltif olunan jurnalistlərə təqdim olunub.

    Bununla bağlı keçirilən rəsmi mərasimdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, səfirliyin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İshaq Novruzov, azərbaycanlı və gürcü jurnalistlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

    Gürcüstan Jurnalistlər İttifaqının sədri Hamlet Qeqia bildirib ki, azərbaycanlı jurnalistlər bu mükafata Azərbaycanla Gürcüstan arasındakı dostluq münasibətlərinin daha da dərinləşməsindəki, inkişafındakı, iki ölkənin siyasi, iqtisadi, mədəni, ictimai həyatı ilə bağlı doğru, qərəzsiz, operativ xəbərlərin hazırlanmasındakı xidmətlərinə görə layiq görülüblər. GJİ-nın İdarə Heyəti hər iki jurnalistin fəaliyyətini diqqətlə izləyib və yüksək qiymətləndirib.

    Hamlet Qeqia deyib: “Biz Gürcüstanda akkreditasiyadan keçərək çalışan Azərbaycan jurnalistlərinin əməyini yüksək qiymətləndirir və onların uğurlarına çox sevinirik. Bizim belə layihələrimiz çox olacaq. Düşünürəm ki, biz Gürcüstan-Azərbaycan mətbuatının birgə inkişafına təkan verəcək tədbirləri çox keçirməliyik. Biz jurnalistlər ittifaqı olaraq saytımızın da Azərbaycan dilində yayımlanmağını istəyirik. Bu işdə Azərbaycan jurnalistlərinə ehtiyacımız var. Azərbaycan bizə ən yaxın dost və qardaş ölkədir. Gürcüstanda ilk olaraq iqtisadi layihələri həyata keçirən Azərbaycan olub. Biz Azərbaycan ilə fəxr edirik. Gələcəkdə Gürcüstanda çalışan Azərbaycan jurnalistləri haqqında film də çəkməyi planlaşdırırıq. Bunun üçün bizim kifayət qədər resurslarımız var.”

    Sonra Gürcüstan Jurnalistlər İttifaqı sədrinin birinci müavini Badri Naçkebia, Azərbaycanın Tbilisidəki səfirliyinin birinci müavini Dursun Həsənov, Samirə Ağayeva, kinorejissor Tengiz Txelava, İshaq Novruzov və başqaları çıxış edərək hər iki jurnalistin Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirib, onların Azərbaycan-Gürcüstan dostluğuna kifayət qədər töhfələr verdiklərini, iki dövlət arasındakı münasibətlərin daha da inkişafına çalışdıqlarını, həmçinin vaxtında və operativ xəbərlər yayımladıqlarını bildiriblər.

    Sonda Azərbaycan jurnalistləri Ş.Məmmədov və X.Əzizov onlara göstərilən qayğı və diqqət üçün Gürcüstan Jurnalistlər İttifaqının İdarə Heyətinə və sədr Hamlet Qeqiaya təşəkkürlərini bildiriblər.

    Azərbaycanlı jurnalistlər qeyd ediblər ki, Gürcüstan Jurnalistlər İttifaqının bu qərarı təkcə onların fəaliyyətinə deyil, bütövlükdə AZƏRTAC-n və AzTv-nin fəaliyyətinə verilən yüksək qiymətdir. Bildirilib ki, bu qiymət bütövlükdə iki xalq arasındakı tarixi dostluq əlaqələrinin inkişafına təkan verəcək.

    Azərbaycanın Gürcüstandakı səfirliyin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan jurnalistlərinə bu adların verilməsi iki ölkə arasındakı dostluğa verilən qiymətin bariz nümunəsidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi