"Xəzər Xəbər"in xüsusi layihəsi olan "Zəfər-44: Savaş gündəliyi" Şuşaya qədər davam edən Böyük Zəfər yolunun işıqlandırılması məqsədilə Vətən müharibəsinin 2-ci ildönümündə tamaşaçıların efir qonağı olub.
"Report"un xəbərinə görə, layihə çərçivəsində Vətən müharibəsinin sənədli videoxronikası yaradılıb, 5 döyüş generalı, 15 Vətən Müharibəsi Qəhrəmanı, 20 hərbi hissə komandiri, 100-dən çox Vətən müharibəsi iştirakçısından müsahibələr götürülüb. Ən çox hərbi əməliyyatların keçirildiyi Füzulinin addım-addım azad olunması, Ağdam və Qırmızıbazarın danışılmayan şiddətli döyüşləri hər gün keçirilən əməliyyatlarla təqdim edilib.
44 gündə baş verənlərin real mənzərəsi yaradılmaqla, həm də videodərslik ortaya qoyulub.
Hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli deyib ki, gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində belə əyani vəsaitlərin xüsusi rolu var.
Çəkilişlər 3 aydan çox müddətdə döyüşlərin getdiyi ərazilərdə aparılıb. Xüsusi reportaj formatında baş tutan çəkilişlərdə bütün cəbhəboyu döyüş əməliyyatlarına yer verilib. Eyni zamanda informasiyalar bir neçə mənbədən dəqiqləşdirilib. Xüsusi təyinatlıların müəyyən məxfi əməliyyatlarının açılması, bəzi erməni hiylələrinin ifşa edilməsi, hərb elminə yenilik kimi yazılan bir sıra əməliyyatların təfərrüatları ilk dəfə bu reportajlarda yayımlanıb. Böyük tamaşaçı rəğbətini qazanan xüsusi reportajlar sosial media və Azərbaycanın internet seqmenti ilə yanaşı, Ermənistan vətəndaşları arasında da kifayət qədər izləyici kütləsi toplaya bilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: