“Kaspiy” qəzetinin baş redaktoru, tanınmış jurnalist Vyaçeslav Sapunov Report Media Məktəbinin tələbələri ilə görüşdə jurnalistikaya böyük gəlir mənbəyi kimi baxmağın mənasız olduğunu söyləyib.
“Əgər siz jurnalistikada böyük qazanc əldə etməyi düşünürsünüzsə, bu, kökündən yanlış fikirdir. Qazancımız elə də çox deyil. Peşədə qazandığımız ən böyük kapital ad-sandır. Adı qazanmaq çətin, itirmək isə çox asandır” – V.Sapunov bildirib.
Baş redaktor “Kaspiy” qəzetinin gündəlik qayğılarından da danışıb:
“Həftədə bir dəfə dərc olunuruq. İnternet mediası ilə rəqabət aparmaq mənasızdır. Nəşrimiz analitikanı, həftə boyu baş verən ən maraqlı hadisələri əks etdirir. Qəzet həm də bir tarixdir, onun sayəsində baş verənləri gələcək nəsil biləcək. Mən də köhnə qəzetləri oxumaqla o dövrü tanıya bilirəm. Məncə, qəzet bəşəriyyətin ən mühüm kəşflərindən biridir”.
Tanınmış jurnalist, bloqçu, səyahətçi Vyaçeslav Sapunov mediada Bakı və bakılılar haqqında çoxsaylı yazının, televiziya filmi və verilişlərinin müəllifidir. I Milli Turizm Filmləri Festivalının mükafatçısı, “Belə həyat” hekayə toplumunun yaradıcısıdır. “Sapunov Online” feysbuk layihəsinin müəllifidir.
1971-ci il fevralın 23-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. NETTY Azərbaycan Milli İnternet Mükafatının bədii rəhbəri, “Boutique Baku” jurnalının məsul redaktoru, “Boutique Travel” nəşrinin baş redaktoru olub. 2021-ci ildən “Kaspiy” qəzetinin baş redaktoru vəzifəsində çalışır.