“İnsanlar iş tapa bilmirəm deyəndə mənə qəribə gəlir, çünki tanınmış imza özü də bir iş yeridir”.
“Report” xəbər verir ki, bu sözləri radio və televiziya aparıcısı, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.
V.Məmmədov qeyd edib ki, ilk mərhələdə gənc jurnalistin çətinliklə qarşılaşması qaçılmazdır.
“Bir müddət sonra özünüzə etdiyiniz yatırım bəhrəsini verəcək, sizə bir peşəkar kimi tələbat artacaq. Məncə, gənc jurnalistlərin inkişafı üçün Azərbaycanda həm də milli redaktor korpusu yaradılmalıdır. Onların təcrübə və biliyindən hər bir gənc əməkdaşın yararlanma imkanı olmalıdır”, - baş redaktor bildirib.
Teleaparıcı elmi jurnalistikanın Azərbaycan mətbuatında imkanlarının genişlənməsi perspektivinə də toxunub:
”Elmi jurnalist elm sahəsindəki prosesləri sadə dildə oxucuya ötürməklə məşğuldur. Jurnalist oxucu ilə alim arasında bir növ tərcüməçi kimi çıxış edir, maraqlı məlumatı seçib oxucuya çatdırır. Kimsə elmi jurnalistikaya maraq göstərsə, yəni təklif olsa, böyük media orqanları buna müsbət yanaşa bilər. Sadəcə bu istiqamətdə işləməyi bacaran jurnalistlər olmalıdır”.
Vüsal Məmmədov 1978-ci il avqustun 23-də Bakıda anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr və magistr təhsili alıb. 1997-ci ildə “168 saat” qəzetində müəllif kimi işləyib. 1998-ci ildən “Express” qəzetində müxbir, şöbə müdiri, redaktor və baş redaktorun müavini olub. 2001-ci ildə “Mərkəz” qəzetinə keçib. 2003-cü ildən Lider TV-də əvvəl siyasi şərhçi, redaktor, sonralar aparıcı kimi işləyib. 2012-ci ildə AzVision.az saytını təsis edib. 2020-ci ildən Real TV-də "AzVision" proqramının müəllifi və aparıcısıdır. 2023-cü ildən paralel olaraq "107 FM" dalğasında səhər efirinin aparıcılarından biridir. "Tərəqqi" medalı və "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.