Vidadi Həsənov Report Media Məktəbində: Hər gün rol oynayırıq

Vidadi Həsənov Report Media Məktəbində: Hər gün rol oynayırıq Hər gün metroda sərnişin, evdə ata, işdə əməkdaş rolunu oynayırıq.
İncəsənət
24 aprel 2025 16:48
Vidadi Həsənov Report Media Məktəbində: Hər gün rol oynayırıq
Vidadi Həsənov

Hər gün metroda sərnişin, evdə ata, işdə əməkdaş rolunu oynayırıq.

Report” xəbər verir ki, bu fikirləri “MTeatr”ın yaradıcısı, Xalq artisti, YUĞ Teatrının aktyoru Vidadi Həsənov Report Media Məktəbinin tələbələri ilə görüşündə səsləndirib.

Aktyor gənc jurnalistlərlə sənət və peşəkarlıq barədə təəssüratını bölüşüb, həyat və səhnə arasında maraqlı paralellər aparıb. V.Həsənov bildirib ki, bu gün Azərbaycan teatrı ilə jurnalistikası arasında maraqlı oxşarlıqlar var, çünki hər iki sahə gəncləşir və yenilənir.

“İstənilən peşədə uğur qazanmaq üçün üç əsas keyfiyyət vacibdir: bacarıq, intellekt və nizam-intizam. Buna sahib olan insanlar Avropada ciddi şəxs kimi qəbul olunur. Şərq dünyasında isə bunlara digər mənəvi dəyərlər də əlavə olunur”, – aktyor vurğulayıb.

Xalq artisti Etel Lilian Voyniçin “Ovod” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın uğurundan da danışıb:

“MTeatr”da olan repertuarımızı birbaşa tamaşaçılara görə təyin edirik. Onların fikir və istəkləri bizim fəaliyyət istiqamətində əhəmiyyətlidir, çünki bunu bilmək teatr sahəsində uğurun əsasını təşkil edir. Bu yaxınlarda Heydər Əliyev Sarayında səhnələşdirilən “Ovod”u 2 minə yaxın şəxs izləyib. Deməli, insanlar yaxşı tamaşanı bilet alaraq izləmək istəyirlər”.

Vidadi Həsənov 1958-ci ildə Gəncədə anadan olub. 1979-cu ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru ixtisası üzrə təhsil alıb. 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ Teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissoru" kafedrasının dosentidir.

2016-cı ildə yaradılan "MTeatr”ın bədii rəhbəridir. 2019-cu ildə Azərbaycanın Xalq artisti fəxri adına, 2021-ci və 2022-ci illərdə Prezident Mükafatına, 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Bir sıra layihələrdə ssenarist və rejissor kimi də çalışıb. “Bəyin oğurlanması”, “Yalan”, “Çölçü” və digər filmlərlə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi