Ukrayna rəsmiləri Azərbaycan jurnalistlərini təbrik ediblər

Ukrayna rəsmiləri Azərbaycan jurnalistlərini təbrik ediblər Ukraynanın bir sıra rəsmi şəxsləri, Rusiya ilə müharibədə fərqlənən komandirləri Azərbaycan jurnalistlərini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik ediblər.
Media
22 İyul , 2022 18:06
Ukrayna rəsmiləri Azərbaycan jurnalistlərini təbrik ediblər

Ukraynanın bir sıra rəsmi şəxsləri, Rusiya ilə müharibədə fərqlənən komandirləri Azərbaycan jurnalistlərini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik ediblər.

Ukrayna Ali Radasının (parlament) Söz azadlığı məsələləri üzrə komitəsinin sədr müavini, deputat Yevgeniy Braqar “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Azərbaycanın bütün media nümayəndələrini, televiziya, radio və digər media orqanlarının işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik edib: “148 il əvvəl Azərbaycanın ilk qəzeti çap olunub. Bu, sizin ölkənin tarixində çox önəmli hadisədir. Bununla bərabər, mən Ukraynaya göstərdiyiniz dəstəyə, ədalətli mövqeyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”.

Ukraynanın Zaporojye vilayət parlamentinin sədri Alyona Juk isə vurğulayıb ki, jurnalistika hazırkı dövrün ən çətin peşələrindən biridir: “Çox sağ olun ki, informasiya müharibəsinin ön cəbhəsində vicdanla, heç nədən qorxmadan işləyirsiniz. Bir daha bayramınızı təbrik edirəm. Ukrayna və Azərbaycan daim birlikdədir!”

Ukrayna ordusunun döyüş komandiri Roman Solohub müsahibəsində jurnalist Mübariz Aslanovun timsalında “Report" İnformasiya Agentliyinin” və “Baku TV”nin fəaliyyətini, onun Ukraynada dürüst, dəqiq işini, müharibənin işıqlandırılmasını qeyd edib: “Sükanı belə saxlayın! Sizə əhsən!”

Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müşaviri Lyudmila Dolqonovskaya da “Report”un Şərqi Avropa bürosuna müsahibəsində azərbaycanlı jurnalist həmkarlarını Milli Mətbuat Günü münasibətilə təbrik edib: “Bizimlə olduğunuz üçün sizə təşəkkür etmək istəyirəm. Hətta bu dəhşətli, ədalətsiz müharibə şəraitində belə Ukraynanı tərk etmədiniz. Biz birgə çalışırıq və "Baku TV", “Report”un müxbirlərinə burada olmaqdan, həqiqəti göstərməkdən qorxmadıqları üçün minnətdarıq. Bu, bizim üçün çox vacibdir, çünki hazırda hər bir ukraynalı – mülki vətəndaş, Ukraynanı qoruyan hərbi qulluqçu bizim qələbəmiz, azadlığımız uğrunda mübarizə aparır. Sizin etibarlı dost dəstəyinizi hiss edirik. Sizə təşəkkür edirəm. Bayramınız mübarək!”

Ukrayna xüsusi təyinatlı zabiti Volodimir Laquta da öz növbəsində Azərbaycan jurnalistlərini peşə bayramı münasibətilə təbrik edib: “Bu, çox tarixi bir gündür. Azərbaycanda jurnalistika uzun illər boyu inkişaf edib. Bu münasibətlə, həmçinin dostum, burada – Ukraynada tanış olduğum və ölkəmizdə baş verənləri, Rusiyanın burada törətdiklərini işıqlandıran Mübarizi təbrik edirəm. O, daim qaynar nöqtələrə səfər edir, Rusiyanın hansı şəhərləri bombardman etdiyini çəkib göstərir. Həqiqətləri dünyaya nümayiş etdirən azərbaycanlı jurnalistlərə öz təşəkkürümü bildirirəm. Dostum Mübarizin timsalında bütün azərbaycanlı jurnalistləri təbrik edirəm. Sizə cansağlığı, əmin-amanlıq, müdriklik arzu edir, daim işinizin peşəkarı olmanızı diləyirəm. Çünki jurnalistika çox məsuliyyətli sahədir. Bu sahədə çalışan insanlar həqiqəti kiminsə marağına uyğun şəkildə deyil, olduğu kimi çatdırmaq üçün çox məsuliyyətli olmalıdırlar. Bayramınız mübarək!”

"UNİAN" İnformasiya Agentliyinin baş redaktoru Mixail Qannitskiy də azərbaycanlı həmkarlarını mətbuat günü münasibətilə təbrik edib:

“Bu müharibənin davam etdiyi 5 ay yarım Ukraynanın çəkdiyi bədbəxtliklər zamanı biz əmin olduq ki, Azərbaycan jurnalistləri bizim də əsl dostlarımızdır, dürüst, peşəkar müxbirlərdir, Ukraynada olan hadisələri doğru, qərəzsiz işıqlandırır. Buna görə də "Roskomnadzor" "Oxu.az" saytını Rusiyada bloklayıb. Buna baxmayaraq, "Baku TV"nin, “Report” İnformasiya Agentliyinin, "Oxu.az"ın dürüst reportajlarını Azərbaycan və dünya ictimaiyəti oxuya bilir. Bu da çox xoşdur. Bizim azərbaycanlı həmkarlarımız Ukraynada qaynar nöqtələrdə işləyən zaman ehtiyacı olan insanlara humanitar yardım da etməyə imkan tapırlar. Bu, həm xalqlarının dostluğunun, həm keyfiyyətli jurnalistikanın, həm də insanlara sevginin göstəricisidir. Eşq olsun Azərbaycan jurnalistlərinə! Bayramınızı təbrik edirəm”.

Son xəbərlər

Orphus sistemi