"Türkiyədə dezinformasiyalara qarşı həbs tədbirinin qanunvericiliyə gətirilməsi tamamilə ədalətlidir".
Bunu "Report"a açıqlamasında açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Hikmət Babaoğlu deyib.
O vurğulayıb ki, bu gün informasiya cəmiyyətində ictimai münasibətlərin keyfiyyətini təyin edən ən mühüm faktorlardan biri elə informasiyanın özüdür:
"Buna görə də informasiya yumşaq güc hesab edilməklə cəmiyyətdaxili münasibətlərdə universal alət kimi çıxış edir. İnformasiyanı cəmiyyətdaxili münasibətlərin, ictimai-siyasi proseslərin istənilən sahəsində tətbiq etməklə, ən müxtəlif nəticələri əldə etmək mümkündür. Hazırda milli informasiya məkanımıza çoxsaylı müdaxilələr olmaqla, informasiyanı yumşaq güc kimi bəzən maraqlarımızın əleyhinə yönləndirə bilirlər. Eyni zamanda biz 30 illik münaqişə dövründə və 44 günlük müharibə dövründə də informasiyanın nə qədər ciddi bir silah olduğuna şahidlik etdik. Bu və digər formada informasiya manipulyasiya edilir. Eyni zamanda həlledici strateji məqamlarda cəmiyyətə müxtəlif dezinformasiya ötürülür ki, bu da milli maraqlarımıza ciddi zərbə vurur. Ona görə də mütləq bu sahənin hüquqla tənzimlənməsi vacib şərtdir".
"Bu vaxta qədər beynəlxalq miqyasda bu sahədə təcrübə az olsa da, hazırda müxtəlif qərb ölkələri, habelə qardaş Türkiyə də dezinformasiya ilə bağlı müəyyən hüquqi məsuliyyət tədbirləri həyata keçirir. Dezinformasiyanın dərəcəsinə və onun ictimai maraqlara zərbə vurma qabiliyyətinə görə müxtəlif cəza tədbirləri tətbiq olunur ki, onlardan biri də həbs tədbiridir. Mən düşünürəm ki, tamamilə ədalətlidir. İstər real münasibətilərdə, istər virtual münasibətlərdə cəmiyyətin ictimai maraqlarına qarşı yönələn, onu təhdid edən hər hansı bir informativ fəaliyyət olsa belə, mütləq cəzalandırılmalıdır. Ona görə də mən bunu təqdir edirəm. Əlbəttə ki, gələcəkdə Azərbaycanın qanunvericiliyində bu cür tədbirlərin nəzərə alınması, bu cür hüquqi məsuliyyət yaradan qanunların qəbul edilməsi şübhəsiz ki, mümkündür".