Bu gün "Trend" İnformasiya Agentliyinin yaranma günüdür.
“Report”un xəbərinə görə, “Trend”in yaranmasından 28 il ötür.
“Trend” müstəqil informasiya agentliyi 1995-ci ildə yaradılıb. Agentliyin bazası əsasında Trend Ekspert Şurası yaradılıb. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir.
2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. "Trend" 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. "Trend" "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə "Trend"i RİA Novosti agentliyi ilə birlikdə "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib.
Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan "Trend" Azərbaycan dili də daxil olmaqla ümumilikdə 5 dildə xəbərlər istehsal edir.
"Trend"in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri var.
"Trend"də çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!