Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün "Media və uşaq hüquqları" adlı dərs vəsaiti təqdim edilib.
"Report" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanan vəsaitin baş redaktoru komitə sədri Bahar Muradovadır.
Təqdimat mərasimində qeyd edilib ki, uşaq hüquqları üzrə mövzuların mediada işıqlandırılmasında həssaslığın artırılması baxımından bələdçi rolunu oynayan dərslikdə müvafiq istiqamətdə mövcud qanunvericilik, beynəlxalq təcrübənin tətbiqi, jurnalist etikası, media məhsullarının hazırlanmasında uşaqların iştirakı qaydaları, uşaqlarla müsahibələrin aparılması, foto və videomaterialların yayımlanması və digər aidiyyəti məsələlər üzrə təlimatlar yer alıb.