Keçən il bəzi yayımçıların yayımında səsin ucalığının normadan artıq olması aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Audiovizual Şurasının hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, yerüstü televiziya yayımında səsin ucalığının qiymətləndirilməsi üçün müntəzəm olaraq monitorinqlər aparılıb. Müxtəlif vaxtlarda bu ucalığı əks etdirən texniki sənədlər yayımçılara təqdim olunub, səsin ucalığının bəzi televiziya kanallarında normadan yuxarı və və ya aşağı olması yayımçıların nəzərinə çatdırılıb.
Ölkə ərazisində yerüstü televiziya yayımı və retranslayasiya zamanı səsin ucalığının EBU (European Broadcasting Union – Avropa Yayım Birliyi) tərəfindən təklif olunmuş tövsiyələrə (Loudness Standard R-128 – R-128 Ucalıq Standartı) və TV vericisinin interfeysində audio-video siqnalların SD formatı üçün SMPTE-nin 259M standartına və HD formatı üçün SMPTE-nin 292M standartına uyğun olması sınaqdan çıxarılıb.
D və K standartlarında audio-video siqnalların bütün parametrləri yoxlanılmış, o cümlədən səsin ucalığının tənzimlənməsi məqsədilə müntəzəm monitorinqlər aparılıb, səsin ucalığınının nisbi qiymətləndirilməsi üçün elektron "Lüfsmetr" proqramından istifadə edilib, osilloqrammalar çıxarılıb, onlar yayımçılara təqdim olunub, alınmış nəticələr ümumölkə TV yayımçılarının nümayəndələri ilə müzakirə olunub.
Bəzi yayımçıların yayımında səsin ucalığının normadan artıq olması aşkar olunub və tənzimləmədən sonra bütün ümumölkə televiziya yayım proqramlarında səsin ucalığının eyni olması təmin olunub.