Bakı. 18 dekabr. REPORT.AZ/ Bu il dünyada 80 nəfər, yəni ötən ildəkindən 15 nəfər çox jurnalist həlak olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sərhədsiz reportyorlar” Beynəlxalq İnsan Hüquqları Təşkilatının məruzəsində qeyd edilir.
Sənəddə göstərilir ki, 2018-ci ildə 80 jurnalist qətlə yetirilib, 348 media mənsubu peşə fəaliyyətlərilə bağlı saxlanılıb, daha 60 nəfəri girov saxlanılır, həmçinin 3 jurnalist itkin düşüb.
Təşkilatın rəyinə görə, bu ilin ən səs-küylü qətli oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda səudiyyəli jurnalist Camal Qaşıqçının, fevral ayında da “aktuality.sk” xəbər saytının müxbiri Yan Kuçiakın öldürülməsi olub.
Bu il jurnalist fəaliyyəti baxımından ən təhlükəli ölkələrin Əfqanıstan (15 nəfər öldürülüb), Suriya (11 nəfər), Meksika (9 nəfər) olduğu bildirilir.