"Report" İnformasiya Agentliyinin və "Baku" TV-nin Şərqi Avropa üzrə xüsusi müxbiri Mübariz Aslanov Ukraynanın "Şərəf xaçı" medalı ilə təltif olunub.
"Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rüstəm Umerov əmr imzalayıb.
Nazirin imzaladığı xüsusi əmrlə Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətini peşəkar, Ukrayna hərbi qulluqçularının qəhrəmanlıqlarını obyektiv işıqlandırdığına, xidməti vəzifələrini nümunəvi yerinə yetirdiyinə, Rusiyanın Ukraynaya hərbi hücumu nəticəsində baş verənləri intensiv və hərtərəfli işıqlandırdığına, xalqlar arasında dostluqda informasiya sahəsində fəallığına görə "Report" İnformasiya Agentliyinin və "Baku" TV-nin xüsusi müxbiri Mübariz Aslanov dövlət mükafatlarından "Şərəf xaçı" medalı ilə mükafatlandırılır, ona təşəkkür ifadə edilir.
Medalı Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Lyüdmila Daraqan M.Aslanova təqdim edib.
Dövlət katibi Ukrayna dövləti adından "Report" İnformasiya Agentliyi və "Baku" TV-yə xüsusi təşəkkürünü ifadə edib.
Qeyd edək ki, M.Aslanov Ukraynada belə medalla mükafatlandırılan ilk xarici jurnalistdir.