"Poliqon" ("Azeri Defence") jurnalının təsisçisi və baş redaktoru olmuş hərbi jurnalist Rəşad Süleymanovun adının əbədiləşdirilməsi və Azərbaycanda hərbi sahə üzrə fəaliyyət göstərən jurnalistlərin qiymətləndirilməsi üçün "Hərbi jurnalist Rəşad Süleymanov" adlı media mükafatının ilk dəfə təqdimetmə mərasimi keçirilib.
Təltif edilənlər sırasında "Report" İnformasiya Agentliyinin redaktoru İsmayıl Nəsibli də var. O, hərbi sahədə göstərdiyi səmərəli fəaliyyətinə görə "Hərbi jurnalist Rəşad Süleymanov" media mükafatı ilə təltif olunub.
Mətbuat Şurasında keçirilən tədbirə toplaşanlar mərhum jurnalist Rəşad Süleymanovu, şəhid jurnalistləri və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarını bir dəqiqəlik sükutla anıblar.
Mərasimi giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, media mükafatı Vətənə, doğma yurda hədsiz bağlılığı ilə seçilmiş və peşəkar fəaliyyətini müqəddəs amallar üzərində quran Rəşad Süleymanovun xatirəsinə həsr olunub.
Onun sözlərinə görə, gənc jurnalistlərin hərbi jurnalistikaya cəlb edilməsi vacib amillərdən biridir.
“Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov qeyd edib ki, Rəşad Süleymanovun adına mükafatın təsis olunması ideyası hərbi ekspert Üzeyir Cəfərov tərəfindən irəli sürülüb. O söyləyib ki, mükafat hərbi jurnalistikada peşəkarlığı ilə seçilən jurnalistlər üçün nəzərdə tutulub: “Əslində 2012-ci ildə Rəşad Süleymanov Azərbaycanda ilk və yeganə olan “Poliqon” (əvvəlki adı “Azeri Defence”) jurnalını yaratmaqla hərbi-texnologiya məktəbinin əsasını qoymuşdu. Bu gün isə həmin sütunlar üzərində qurulan, artıq 11 yaşını qeyd edən “Poliqon jurnalı” MMC tərəfindən ilk dəfə olaraq məhz hərbi sahədə fəaliyyət göstərən jurnalistlərin əməyinin qiymətləndirilməsini təmin etmək üçün “Hərbi jurnalist Rəşad Süleymanov” media mükafatı təsis edilib. Düşünürük ki, bu mükafatı alan hərbi sahədə fəaliyyət göstərən jurnalistlərimiz çiyinlərinə götürdükləri yükün ağırlığını çəkərkən, müəyyən mənəvi rahatlıq taparlarsa Rəşad Süleymanovun da ruhu şad olar".
Hərbi ekspert Ramil Məmmədli isə Rəşad Süleymanovun bu gün aramızda olmamasından təəssüf hissi keçirdiyini bildirib. O vurğulayıb ki, Rəşad Süleymanovu qısa zamanda hərbi jurnalist kimi dünya tanıdı, qısa ömrü ilə bütövlükdə Azərbaycanın övladı oldu.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli çıxışında vurğulayıb ki, Rəşad Süleymanovun adının yaşadılması təqdirəlayiq haldır. Şöbə müdirinin sözlərinə görə, informasiya cəbhəsində heç vaxt atəşkəs olmur:
"Biz ölkəmizin informasiya cəbhəsinə cavabdeh olan şəxslərik. 44 günlük Vətən müharibəsində ölkənin informasiya ilə təmin edilməsində hərbi jurnalistlərimizin xidməti danılmazdır. Bu mükafatın təsis edilməsi Azərbaycan mediasına nəfəs verəcək”.
Tədbirdə hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hərbi jurnalistikanın peşəkarlığının artırılması istiqamətində görüləcək işlərdən danışıb. O bildirib ki, media mükafatının təsis edilməsində məqsəd hərbi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etmək, onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdır.
Mərasimdə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev də mərhum jurnalist Rəşad Süleymanov haqqında xatirələrini bölüşüb. O, bu mükafatın davamlı olmasını arzulayıb:
“Bunun üçün əlimizdən gələni edəcəyik”.
Daha sonra Rəşad Süleymanova həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda çıxış edən Rəşad Süleymovun oğlu Məhəmməd Süleymanov atasının adının əbədiləşdirilməsi üçün mükafatlandırılan jurnalistləri təbrik edib.
Tədbirinin sonunda hərbi sahədə göstərdiyi səmərəli fəaliyyətinə görə seçilən jurnalistlərə "Hərbi jurnalist Rəşad Süleymanov" media mükafatı təqdim olunub.
Qeyd edək ki, ümumilikdə 11 fərdi jurnalist və 1 onlayn media orqanı “Hərbi jurnalist Rəşad Süleymanov” media mükafatına layiq görülüb.
• "Report" İnformasiya Agentliyinin redaktoru İsmayıl Nəsibli
• Hərbi jurnalist Anar Şuşalı
• Real TV-nin əməkdaşı, hərbi jurnalist İlqar Mikayıloğlu
• Baku TV-nin əməkdaşı hərbi jurnalist Fərdin İsazadə
• "Yeni Çağ" Media Qrupunun əməkdaşı, hərbi jurnalist Səxavət Məmməd
• ARB Media Qrupunun əməkdaşı Salehli Rasim Bağır oğlu
• CBC telekanalının xüsusi müxbiri Elmira Musazadə
• AzTV Xəbərlər Departamenti Baş redaktorun müavini Vüsal Qaraca
• İctimai TV-nin Qarabağ bölgəsi üzrə müxbiri, hərbi jurnalist Şöhrət Eyvazov
• “Ordu.az” hərbi yönümlü onlayn media orqanı (Şahin Qocayev, Daşqın Abdullayev, Cümşüd Məmmədov)
• Bakı Media Mərkəzinin fotoqrafı Vüqar İbadov
• Operator Azər Qarayev (Real TV)
Xatırladaq ki, “Poliqon” (“Azeri Defence”) jurnalının yaradıcısı və baş redaktoru olmuş mərhum Rəşad Süleymanov hərbi jurnalistikamızda silinməz izlər qoymuş, hərb və müdafiə sahəsində ixtisaslaşan azsaylı jurnalistlərdən biri idi. Onun yüksək peşəkarlığı və istedadı jurnalistika cameəsində daim yüksək qiymətləndirilirdi. Uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan Rəşad Süleymanov 2020-ci il dekabrın 15-də koronovirus xəstəliyindən dünyasını dəyişib.