Report Media Məktəbinin tələbələrinə İpoteka Fondunda təlim keçirilib

Report Media Məktəbinin tələbələrinə İpoteka Fondunda təlim keçirilib “Report” İnformasiya Agentliyinin nəzdində fəaliyyət göstərən Media Məktəbinin tələbələrinə ilk dəfə olaraq rəsmi dövlət qurumunda - İpoteka və Kredit Zəmanət Fondunda (İKZF) təlim keçirilib.
Media
2 Avqust , 2023 18:38
Report Media Məktəbinin tələbələrinə İpoteka Fondunda təlim keçirilib

“Report” İnformasiya Agentliyinin nəzdində fəaliyyət göstərən Media Məktəbinin tələbələrinə ilk dəfə olaraq rəsmi dövlət qurumunda - İpoteka və Kredit Zəmanət Fondunda (İKZF) təlim keçirilib.

Report Media Məktəbinin tələbələri ilə görüşən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kommunikasiya və İnformasiya Təminatı xidmətinin rəisi Namiq Mayılov fondun fəaliyyətindən, qurumun rəsmi saytı və sosial media səhifələrinin işindən, jurnalistlərin dövlət qurumları ilə effektiv kommunikasiyanın yaradılması barədə məlumat verib.

“İnformasiya resurslarımızda bütün istiqamətlər üzrə fəaliyyətimizi əks etdirən dolğun məlumatlar var və onlar vaxtaşırı yenilənir. Əlavə olaraq göndərilən media sorğularını da operativ cavablandırmağa çalışırıq. Keyfiyyətli xəbər və ya məqalə hazırlamaq üçün dövlət qurumuna göndərilən sorğunun peşəkar, sualların aidiyyəti üzrə, ünvanlı olması çox vacibdir. Bunun üçün jurnalist həmin sahə barədə məlumatlı olmalıdır”, - deyə N.Mayılov bildirib.

Tələbələrin suallarını cavablandıran xidmət rəisi öz şəxsi təcrübəsini də bölüşüb, jurnalistlər arasında sahələr üzrə ixtisaslaşmanın əhəmiyyətini qeyd edib.

“Bəzən jurnalist bütün sahələrdə - həm iqtisadiyyat, həm sosial, həm də idmandan yazmalı olur. Mən jurnalistikada sahələr üzrə ixtisaslaşmanın tərəfdarıyam. Hətta iqtisadi jurnalistikanın içərisində belə ixtisaslaşma gedə bilər, çünki iqtisadiyyatın hər sahəsinin öz spesifikası var. İxtisaslaşma jurnalistin işini asanlaşdırır. Digər tərəfdən, bir çox həmkarlar özlərini bəlli bir sahə ilə məhdudlaşdırmaq istəmir və bu da normaldır”, - deyə mətbuat katibi qeyd edib.

"Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi