Report Media Məktəbində növbəti qrup təlim proqramına qoşulub

Report Media Məktəbində növbəti qrup təlim proqramına qoşulub "Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbində yeni təlim proqramına start verilib.
Media
21 İyun , 2022 13:30
Report Media Məktəbində növbəti qrup təlim proqramına qoşulub

"Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbində yeni təlim proqramına start verilib.

Müraciət edənlərdən 10 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Report Media Məktəbinin artıq sayca 11-cu qrupunun üzvləri ilə görüşdə bildirib ki, tələbələrin məlumat yaradılması prosesində iştirakı hər hansı nəzəri təlimdən qat-qat effektli tədris metodudur:

“Report Media Məktəbinin hər bir tələbəsi xəbər zalının səsini eşitmək, informasiyanın hazırlanması prosesinin ahəngini duymaq imkanına malikdir. İnformasiya agentliyində baş verənlərin vizual mənzərəsini görməklə daha uğurlu nəticə əldə etmək olar. Xəbər axını bir dalğa ilə gəlir, bir anda sakitlik pozula bilər. Əminəm ki, hər biriniz özünü jurnalistikada tapa biləcək”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu gənc jurnalistləri təlim dövründə agentlikdə yaradılan hər imkandan mümkün qədər çox yararlanmağa çağırıb:

“Report Media Məktəbində təlim artıq ilk görüşdən başlayır. Bir anı belə ötürmədən prosesə qoşulmaq lazımdır. Praktik tapşırıqları yerinə yetirmək, agentliyin jurnalistləri ilə tədbirlərdə iştirak etmək, bilmədiklərimizi öyrənmək gərəkdir”.

Qeyd edək ki, Report Media Məktəbi 2018-ci ildən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi