Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “MEDİA könüllüləri” proqramı çərçivəsində 8 gənc jurnalist “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”ndə reallaşan təcrübə proqramına qoşulub.
“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “MEDİA könülləri” ilə görüşdə agentliyin fəaliyyəti barədə məlumat verib: “Report” agentliyinin əsas işi ilkin məlumatı əldə edib cəmiyyətə çatdırmaqdır. Bizim xəbərlər digər platformalar vasitəsilə daha geniş yayılır, çünki yoxlanmamış məlumat vermirik”.
Fuad Hüseynəliyev bildirib ki, informasiya agentliyində çalışmaq xəbərin ilk mənbəyinə getmək deməkdir: “İnformasiya məsuliyyəti burada çox böyükdür. Agentlik xəbərin doğru-dürüstlüyünü təmin etməlidir. Yaxın günlərdə Media könüllüləri olaraq agentliyin iş prosesini, xəbər otağındakı gərginliyi müşahidə edə biləcəksiniz”.
Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu jurnalistin məhz informasiya mühitində formalaşdığını deyib: “Agentlikdə gedən prosesləri Report Media Məktəbinin xəbər otağına açılan şəffaf şüşə arxasından müşahidə edə biləcəksiniz. Qaynar xəbər olan kimi redaksiya elə bil canlanır. Əsil jurnalist olmaq üçün gərək bu “qazanda qaynayasan”.
Qeyd edək ki, “MEDİA könüllüləri” proqramını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi reallaşdırır. Proqram media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə media sahəsində könüllülük hərəkatını genişləndirmək məqsədi ilə təşkil edilir.
Proqram 2021-ci ilin sentyabr ayında start götürüb. “MEDİA könüllüləri” proqramı çərçivəsində iki qrup olmaqla 18 gənc jurnalist “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”ndə 2 həftəlik təcrübə proqramında iştirak edəcək.