“Televiziyadan fərqli olaraq radioda səsin üzərində əsmək, onu əzizləmək lazımdır. Radioda səs gözəl olmalıdır”.
Bu sözləri Space 104 FM-in qonağı olan Report Media Məktəbinin tələbələri ilə görüşdə radionun baş redaktoru, əməkdar jurnalist Əhməd Əsgər deyib.
Radio jurnalisti "Space" radiosunun yaranma tarixindən danışıb:
“2001-ci ildə efirə ilk dəfə çıxmışıq. O dövrdə bir çox yeni radiostansiya yaranmışdı, efiri də xarici musiqilər zəbt etmişdi. Biz radioda 100 faiz Azərbaycan musiqisi səsləndirməyə başladıq. Rəşid Behbudov, Polad Bülbüloğlu, Qədir Rüstəmovun ifasında olan musiqi nümunələri bizim radioda daim səslənirdi”.
Baş redaktor “televiziya radionu sıradan çıxaracaq” fikrinin doğru olmadığını qeyd edib:
“Ötən əsrin ortalarında televiziya yarananda radionun sıradan çıxacağı fikirləri tez-tez səslənirdi. Amma radio davam gətirdi, onun da öz auditoriyası var. Hansısa bir işlə məşğul olan bir şəxsə radio dinləmək daha sərfəlidir, diqqəti yayınmır. Sükan arxasında hərəkət edən sürücü üçün radio əvəzolunmaz bir vasitədir. Televiziya böyük bir marketdir, radio isə marketin bir şöbəsidir, amma çox əhəmiyyətlidir”.
Əhməd Əsgər Report Media Məktəbinin tələbələrinin suallarını cavablandırıb, nitqin gücləndirilməsi üçün tələb olunan metodikadan danışıb.