Qulu Məhərrəmli Report Media Məktəbində: “Xəbərdə yenilik olmalıdır”

Qulu Məhərrəmli Report Media Məktəbində: “Xəbərdə yenilik olmalıdır” “Xəbər yeni informasiya verməlidir”.
Media
28 Aprel , 2023 17:27
Qulu Məhərrəmli Report Media Məktəbində: “Xəbərdə yenilik olmalıdır”
Qulu Məhərrəmli

“Xəbər yeni informasiya verməlidir”.

Bu sözləri tanınmış jurnalist, teleaparıcı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.

Teleaparıcı xəbərin ötürülməsində əhəmiyyətli məqamları da vurğulayıb:

“Xəbər bu günlə çox səsləşməyə də bilər. Bəzən yenilik indiyə, bəzən isə keçmişə aid olur. Məsələn, kiminsə həyatından nəsə bir yenilik tapılıbsa, bu özü xəbərdir, yeni informasiyadır. Xəbərin bir sıra parametrləri var ki, onların ölçülərini peşəkarlığı olmayanlar bilmirlər ”.

Professor həmçinin müasir medianın növləri və onların fərqindən də danışıb.

“Medianın PR, reklam, təbliğat, təşviqat növlərindən ona ən yaxını piardir. Amma bəzi anlayışlar doğru verilmir. Məsələn, vətəndaş jurnalistikası demək düzgün deyil. Vətəndaş həkimi yoxdur, deməli vətəndaş jurnalistikası demək yanlışdır. Sosial platformalarda olan sistemi isə vətəndaş mediası adlandırmaq yerinə düşərdi”, - Q.Məhərrəmli deyib.

Qulu Məhərrəmli 1954-cü il noyabrın 2-də Zəngilan rayonunda anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Uzun müddət Azərbaycan televiziyasında (AzTV) xəbər və analitik proqramlarının aparıcısı, siyasi şərhçi kimi çalışıb. Onlarla kitabın və sənədli filmin müəllifidir.

Filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, “Jurnalistikanın inkişafına yardım” fondunun sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalistidir.

Son xəbərlər

Orphus sistemi