Bakı. 7 may. REPORT.AZ/ "Orduya inamın gücləndirilməsində media nümayəndələrinin rolu əvəzsizdir".
"Report"un xəbərinə görə, bunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüylə əlaqədar keçirilən III atıcılıq turnirində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib.
O qeyd edib ki, aprelin əvvəlində cəbhəyanı ərazilərdə baş verən hadisələr zamanı Azərbaycan mətbuatı əsl vətənpərvərlik nümayiş etdirib: "Əksər mətbuat orqanları dəqiqləşdirilmiş və rəsmi təsdiq edilmiş məlumatların yayımlanmasına üstünlük verərək, hərbi əməliyyatlardakı qələbəmizə informasiya müharibəsində də qələbə əlavə etdilər. Amma qarşıda görüləcək işlər çoxdur. Torpaqlarımız işğaldan azad olunan günə qədər hər birimiz bütün qüvvələrimizi səfərbər etməliyik. Bizim qurum mətbuatın cəmiyyətdəki əhəmiyyətini qiymətləndirərək KİV ilə birlikdə müxtəlif layihələr həyata keçirir".
Qeyd edək ki, bu gün ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan III atıcılıq turnirinə start verilib. Turnirə 26 KİV-i təmsil edən 78 jurnalist qatılıb. Turnirin sonunda I, II, III yerləri tutan qaliblərlə mükafat və diplomlar təqdim olunacaq.