Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri hazırkı dövlət başçısı İlham Əliyevin son dərəcə inamlı qələbəsi ilə başa çatıb.
“Report”un xəbərinə görə, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin məqaləsində deyilir.
Qeyd olunur ki, Azərbaycan seçiciləri Qarabağa görə İlham Əliyevə yüksək faizlə təşəkkür ediblər.
Ölkə tarixində ilk dəfə səsvermənin Qarabağ da daxil olmaqla onun bütün ərazisində keçirilməsi nəticəni əvvəlcədən müəyyənləşdirib. Seçicilərin 92 %-dən çoxu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Prezidentə səs veriblər.
Bildirilir ki, artıq digər ölkələrdən olan həmkarları İlham Əliyevi qələbə münasibətilə təbrik etməyə başlayıblar. Ekspertlər, müşahidəçilər və seçki komissiyalarının nümayəndələri 76,7 faiz seçici fəallığının son dərəcə yüksək olduğunu və məhz Prezident İlham Əliyevin bu təsirli nəticəyə nail olduğunu qeyd ediblər.
“7 fevral seçkisinin əsas özəlliyi ondan ibarətdir ki, proses Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən 44 günlük müharibə nəticəsində işğaldan azad olunan Qarabağda keçirilib. Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi yaradılıb. Təsadüfi deyil ki, İlham Əliyev ailəsi ilə birgə Qarabağın Xankəndi şəhərinə gələrək orada 122 saylı seçki dairəsinin 14 saylı yerli seçki məntəqəsində səs verib”, - məqalədə vurğulanır.
Diqqətə çatdırılır ki, prezident seçkilərində digər namizədlər olsa da, favorit öncədən bəlli idi.
“Seçki kampaniyası 22 gün davam etdi və həm yerli sakinlərin, həm də ölkəyə gələn beynəlxalq müşahidəçilərin qeyd etdiyi kimi, son dərəcə sakit keçdi”, - məqalədə qeyd olunur.