“Yaxşı danışmaq üçün düşüncə dəyişməlidir”.
“Report” xəbər verir ki, bu sözləri Report Media Məktəbinin tələbələri ilə görüşdə jurnalist, teleaparıcı, natiqlik sənəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu deyib.
C.Nəzəroğlu neqativ danışıq tərzinin diksiyaya, tələffüzə ciddi təsir etdiyini qeyd edib:
“Tez özündən çıxan, kobud kəlmələr deyən, axırda söylənməsi olan gərəkli ifadəni öndə söyləyən biriyiksə, natiqlik qabiliyyətinin əhəmiyyəti yoxdur. Hər kəs natiq ola bilməz, əgər auditoriya qarşısında çıxış etmək məqsədi yoxdursa, həmin insanlara natiqliyə qədər olan mərhələni keçmək kifayət edir”.
Teleaparıcı gənclərlə öz peşə təcrübəsini də bölüşüb:
“23 yaşından vəzifələrdəyəm. İlk olaraq “Xəzər xəbər”də bölgə xəbərləri üzrə məsul redaktor olmuşam. Sonra digər kanallarda xəbərlər departamentinə, müxtəlif verilişlərə rəhbərlik etmişəm. Hər bir nailiyyəti özüm əldə etmişəm. Düşünürəm, uğur qazanmağın yolu insanın öz əlindədir. Sadəcə bir işi davamlı olaraq görmək lazımdır”.
Cəlalə Nəzəroğlu 1984-cü ildə Masallı rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur.
Müxtəlif illərdə Xəzər TV-də “Xəzər Xəbər”in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz TV-nin “Xəbərlər” departamentinin rəhbəri, ANS TV-də səhər departamentinin rəhbəri və “Salam, Azərbaycan” proqramının aparıcısı kimi fəaliyyət göstərib. 2019-cu ildə "Libraff” mağazalar şəbəkəsinin direktoru olub.
ASAN radioda yayımlanan “Ana dili”, REAL televiziyasında efirə gedən “Redaktor” layihələrinin müəllifi olub. Diksiya Akademiyasının yaradıcısı və rəhbəridir.