Müharibənin gizli qəhrəmanı

Müharibənin gizli qəhrəmanı Erməni planı, yurdlarından didərgin salınan azərbaycanlılar
Media
517
22 İyul , 2021 15:30
Müharibənin gizli qəhrəmanı
Məhərrəm İbrahimov

Erməni vandalizmi 100 ildən çoxdur milyonlarla azərbaycanlının ömründə sağalmaz yaralar açıb, yaşanılması, altından qalxılması çox çətin olan dəhşətli həyat yaşamağa məcbur edib. Məkrli, hiyləgər qonşularımızın dinc soydaşlarımıza qarşı qəddar, qeyri-insani planları, ssenariləri tarixin bütün mərhələlərində oxşar olub, eyni üsullarla həyata keçirilib: əvvəlcə təşkilatlanıblar, azərbaycanlılara qarşı qırğın, məcburi köçürülmə, qətl, işgəncə və terrorun planı hazırlanıb. Bundan sonra azərbaycanlılara qarşı düşmənçilik açıq müstəviyə keçirilib və erməni terrorçuları həmin planları həyata keçiriblər. Nəticədə milyonlarla azərbaycanlı ata-baba torpaqlarından, yurd-yuvalarından, ev-eşiklərindən didərgin salınıb, minlərlə dinc sakin amansızlıqla qətlə yetirilib, işgəncəyə məruz qalıb.

1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan münaqişənin ilk aylarında indiki Ermənistan ərazisi olan qədim Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın başının üstünü qara buludlar almışdı. Erməni quldurları hər gün azərbaycanlılara qarşı qəddarlıqlar törədir, dinc insanları döyür, işgəncəyə məruz qoyur, qətlə yetirir, əmlakını talayırdılar. Belə vəziyyətdə yaşamağın mümkünsüzlüyünü görən Göyçə mahalının azərbaycanlı sakinləri yurd-yuvalarını tərk etmək məcburiyyətində qalırlar. Bu acı taleyi yaşayanlardan biri də Ardanış kənd sakini Əli İbrahimovun ailəsidir.

Didərgin düşən İbrahimovlar ailəsinin acı taleyi

On nəfərlik ailədən ilk ayrılan 7 yaşlı Məhərrəm və 14 yaşlı Ələsgər olur. Onlar Gədəbəy rayonuna əmiləri Vəli Vəliyevin evinə pənah aparırlar.

Qaçqınlıq, məcburi köçkünlük həyatının ən ağır tərəflərindən biri də uşaqların təhsildən kənarda qalmasıdır. Çünki erməni işğalı nəticəsində doğma yurdlarından pərən-pərən salınan elə ailələr var ki, məskunlaşdıqları yerləri il ərzində dəfələrlə dəyişməyə məcbur olublar. Bu da ən çox uşaqlara ziyan vurur və insanın gələcək həyatını zədələyir, alt-üst edir. Bütün bunları gözəl bilən əmisi Məhərrəmin məktəbdən uzaqlaşmasına imkan vermir, o, təhsilini Gədəbəy məktəbində davam etdirir.

Əmisi Vəli Vəliyev Məhərrəmi çox istəyirdi, çünki Məhərrəm ata babasının adını daşıyırdı, Əli İbrahimovun ailəsinin sonbeşiyi idi və nəhayət V.Vəliyevin üç qızı vardı, Məhərrəm dünyaya gələndə onu övladlığa götürmək istəmişdi, amma atası razı olmamışdı və demişdi ki, oğlum babasının adını daşıyır, onu gözümdən uzaq qoya bilmərəm. Tale elə gətirmişdi ki, indi Məhərrəm əmisigildə yaşayırdı, əmi də sevimli qardaşoğlundan qayğısını əsirgəmirdi, ona göz-bəbəyi kimi baxırdı.

İbrahimovlar ailəsi didərginliyin çətinliklərinə sinə gərməyə çalışdığı günlərdə ailənin böyük oğlu Əkbər İbrahimovun orduya çağırış yaşı gəlib çatır. O, sovet ordusunda hərbi xidmət üçün uzaq Sibirə - Saxalinə yola düşür.

Ardanışdan ayrı düşən İbrahimovlar ailəsi Bakıda qovuşur

Əli kişi uşaqların erməni təhlükəsindən qorumaq üçün digər oğlu Əsgər İbrahimovu 1989-cu il noyabrın 5-də Şəmkir rayonunun Bitdili kəndinə (indiki Yenikənd) göndərir. Orada Əli kişinin əmisi oğlanları yaşayırdı. Ailənin dörd qız övladı isə ailə qurduqlarına və təhsil aldıqlarına görə Bakıda yaşayırdılar. Həyat yoldaşı Narıngül (Xatun) İbrahimovanı isə Bakıya ev axtarmaq üçün göndərir, özü isə 1990-cı ilin fevralında kəndi tərk edir. Beləliklə, düşmən istilası doğmaları, qohumları bir-birindən ayırır, hərə bir tərəfə üz tutur, həsrət başlayır...

Ermənistanla Azərbaycan arasında münaqişənin getdikcə qızışdığını, erməni millətçilərinin şovinist çıxışlarının və separatçı-terrorçu hücumlarının artdığını, vəziyyətin geridönməz xarakter aldığını, bütün bunların fonunda qədim Göyçədəki yurdlarına nə zaman dönüləcəyinin qeyri-müəyyən olduğunu görən Əli İbrahimov ailəsini bir yerə toplamağa qərar verir. O, çətinliklə də olsa Göyçənin Ardanış kəndindəki evini Bakının Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində yaşayan bir erməni evi ilə dəyişə bilir. Üç aylıq həsrətdən sonra İbrahimovlar ailəsi bir yerə toplaşır.

Məhərrəm İbrahimov kimdir?

- Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. Həmin ilin oktyabr ayının sonlarında qardaşı ilə birlikdə Gədəbəy rayonuna aparılıb. 1989-cu il dekabrın 30-dək bu rayonda yaşayıb. Burada N. K. Krupskaya adına Gədəbəy qəsəbə orta məktəbdə (indiki İlham Əliyev adına Gədəbəy şəhər 1 saylı tam orta məktəb) oxuyub. Üç aydan sonra Bakıya - Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki yeni evlərinə qayıdıb və 100 nömrəli orta məktəbin 1-ci sinfində təhsilini davam etdirib. 1999-cu ildə orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.

2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb.

AZƏRTAC-da çalışdığı 20 ilə yaxın bir zaman ərzində M.İbrahimov əsgər ömrü yaşayıb. Ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. Ömrünün sonuna – şəhidlik zirvəsinə ucalanadək AZƏRTAC-da işləyib.

İşlədiyi müddətdə AZƏRTAC-da dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. O, həmçinin “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə də təltif edilib.

Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə keçirdiyi “Azərbaycan Ordusunun 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsində 1-ci yerə layiq görülüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 144 illik yubileyi münasibətilə ictimai-təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının profilaktikası tədbirlərinin təbliğindəki xidmətlərinə görə təltif olunub.

Dəfələrlə bir çox yazı müsabiqələrinin qalibi olan Məhərrəm hərbi jurnalistlər üçün təşkil edilən təlimlərdə fərqləndiyinə, eləcə də çalışdığı qurumların fəaliyyətinin işıqlandırılmasında yüksək peşəkarlıq göstərdiyinə görə diplom, fəxri fərman və plaketlərə layiq görülüb.

Uzun müddət cəbhəboyu zonada ezamiyyətlərdə olan, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Vətən müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm hərbi jurnalist kimi topladığı zəngin təcrübəni həvəslə digərləri ilə bölüşüb. Peşəkar hərbi jurnalist kimi tanınan M.İbrahimov bu sahəni dərindən bilən şəxs kimi bir çox tədbirlərdə iştirak edib, bilik və təcrübələri bölüşüb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün təşkil olunan “Silahlı münaqişələrdə medianın rolu” mövzusunda seminarda Məhərrəm İbrahimov silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, informasiya qarşıdurmasının əhəmiyyəti, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla media nümayəndələri arasında qarşılıqlı əlaqələr və birgə fəaliyyətlərin təşkili, o cümlədən dezinformasiya və feyk xəbərlərin psixoloji təsiri ilə bağlı mühazirə oxuyub. Ali Hərbi Məktəbin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Vəfadar dost, peşəkar jurnalist

Adətən bir insan haqqında danışanda onda iki xüsusiyyəti qiymətləndirirlər. Birincisi, insani keyfiyyətləri - necə övlad, necə valideyn, necə dost olması. İkincisi isə peşəkarlığı.

Bəzən hansısa bir sahənin çox yaxşı mütəxəssisi insani keyfiyyətlərdən məhrum olur. Çox az sayda insan var ki, onun yüksək insani keyfiyyətlərini, peşəkarlığını insani keyfiyyətləri tamamlayır, bunlar arasında heç bir ziddiyət, paradoks olmur. Məhz Məhərrəm də belə insan, ali dəyərlərlə malik şəxsiyyət idi.

Onun 39 illik həyatında yalnız bir iş yerinin olması bunun təsdiqidir. Jurnalistika elə bir sahədir ki, 18 ilə yaxın bir yerdə işləmək çox nadir rast gəlinən faktlardandır. Çünki jurnalistikadan müxtəlif səbəblərdən iş yerini dəyişmək adi hal sayılır. Məhərrəm 18 ilə yaxın müddət ərzində AZƏRTAC-da çalışıb. O əsl peşəkar idi, təkcə işlədiyi kollektivin deyil, jurnalistlərin böyük əksəriyyətinin rəğbətini və sevgisini qazanmışdı...

Onu fərqləndirən xüsusiyyətlərindən biri də gözəl müşahidə qabiliyyəti idi. Tədbirdə heç kimin sezmədiyi nüans Məhərrəmin gözündən qaçmazdı. Mərasim bitəndə “gördünüz filan hadisəni?” hamı təəccüblə bir-birinin üzünə baxırdı. Məlum olurdu ki, o nüansı yalnız Məhərrəm görüb.

Şişirtmədən, süni obraz yaratmaq sevdasına düşmədən, eyni zamanda artıq bu dünyada olmayan insan haqqında yaxşı danışmaq adətini bir kənara qoyaraq, heç mübağiləsiz, əminliklə deyə bilərik ki, Məhərrəm saçının telindən ayağının dırnağına qədər əsl vətənpərvər idi. Ölkəsini, onun hər qarışını, torpağını-daşını, havasını-suyunu, qarşılıq güdmədən, kimdənsə nəsə ummadan, sevən və qoruyan vətənpərvər. Ona görə də, onun hərbi jurnalistikanı seçməyi də təsadüfi deyildi.

Düşmənə qarşı informasiya müharibəsini mərmilərin altında aparırdı

Məhərrəm tez-tez o zamankı cəbhə xəttində, hərbi hissələrdə olurdu. Elə Məhərrəmin fotolarının əksəriyyəti cəbhə xəttində, hərbi hissələrdə çəkilib. Ordumuzun yeni alınan hərbi texnika və silahlarından ağız dolusu danışırdı. Bunları söyləyəndə gözləri gülürdü, üzünə təbəssüm qonurdu, bu ordunun qarşısında heç bir düşmənin dayana bilməyəcəyini, gec-tez torpaqlarımızı işğaldan azad edəcəyimizi əminliklə söyləyirdi.

2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başladığı ilk gündən ön cəbhədə, odun-alovun içində idi. O, az sayda jurnalistlərdən idi ki, düşmənə qarşı informasiya müharibəsini, mərmilərin altında aparırdı. Sinəsini yalnız düşmən gülləsinə deyil, həm də səngərdəki düşməndən daha betər olan, erməni havadarlarının istiqamətləndirib idarə etdikləri informasiya müharibəsindən, feyk xəbərlərə qarşı sipər etmişdi. İkinci Qarabağ müharibəsinin gizli qəhrəmanlarından biri, bəlkə də, birincilərindəndir Məhərrəm.

Müharibə bitdi, lakin Məhərərm cəbhədən qayıtmadı, bu dəfə Vətənə xidmətini fərqli formada davam etdirdi. Prezident Administrasiyası və Müdafiə Nazirliyi atəşkəsdən bir müddət sonra yeni bir layihəyə start verdilər. Məqsəd işğaldan azad olunan şəhər, rayon və kəndləri bir-bir gəzmək, erməni vandallarının işğal dövründə yandırdıqları, dağıtdıqları bütün evlərin, dövlət müəssisələrinin, sosial obyektlərin fotolarını çəkmək, onların durumu haqqında arayış xarakterli məlumat hazırlamaq, arxivləşdirmə işləri aparmaq idi. Bu işi görmək üçün cəmi bir neçə qrup təşkil edilir. Peşəkarlığı, səriştəsi nəzərə alınaraq Məhərərm də bu prosesə cəlb olunur və azad edilən ərazilərdə fəaliyyətə başlayır. Qrup üzvləri bu çətin işin öhdəsindən gəlir, onların getdikləri yerlərin böyük əksəriyyətinə 28-30 ildən sonra ilk dəfədir azərbaycanlıların ayağı dəyir...

Son olaraq qrup Kəlbəcərdə işləyirdi, yaz yeni gəlmişdi, qışı çox sərt keçən rayon yaşıla bürünmüşdü, gülü-gülüstan idi, Məhərrəmgil də qarşıya qoyulan tapşırığı sevə-sevə icra edirdilər...

Zaman 2021-ci ilin iyun ayının 4-ü idi, hava xoş, səma aydın görünürdü. Sıldırım qayalar, hündür dağlarla əhatə olunan ərazidə dərin bir süküt vardı, 29 ildir davam edən süküt. Yalnız quşların səsi gəlirdi, sükutu pozan təkcə onlar idi, əslində isə pozmurdular sükutu, ona dərin bir məna verirdilər, insanın ruhunu oxşayırdılar...

Səhər saat 10 radələrində qrup üzvlərini daşıyan avtomobil dağın yamacında yerləşən və uzun illərdir istifadə edilməyən yolla yavaş-yavaş Kəlbəcər rayonunun Susuzluq kəndinə doğru irəliləyirdi. Elə bu zaman təbiətin insanın iliyinə işləyən sükutu pozulur, avtomobil düşmən basdırdığı minaya düşür. Nəticədə Məhərrəm İbrahimov, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olurlar.

Bir faktı da xatırlatmaq yerinə düşər ki, İbrahimovlar ailəsi ilk dəfə deyildi müharibədə insan itirirlər. Məhərrəmin adını daşıdığı babası İkinci Dünya müharibəsində, elə Məhərərm kimi 39 yaşında qəhrəmancasına, rəşadət göstərərk Xarkov şəhəri uğrunda gedən döyüşlərdə həlak olub.

Məhərərmin qardaşı Ələsgər İbrahimov isə 1993-94-cü illərdə Birinci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşüb, gözünün birini və bir neçə barmağını itirib. 1-ci qrup Qarabağ müharibəsi əlilidir.

Məhərrəm Əlioğlu təkcə qələm adamı, jurnalist deyildi, o həm də vəfalı sadiq bir dost idi. Ən çətin, ən şad günün adamı idi. Olduğu məclislərə xüsusi şuxluq gətirərdi. Allah ondan heç nəyi əsirgəməmişdi: danışığı, təmkini, səbri, ağayanalığı, baməzə söhbətləri ilə insanların qəlbinə tez yol tapırdı...

İki oğul atası idi Məhərrəm. Onları da özü kimi vətənpərvər böyüdürdü. Tez-tez deyirdi ki, bu məmləkət dəyərli insanların çiynindədir. Övladları yeddi yaşlı Uğur və beş yaşlı Toğrulla bağlı böyük arzuları vardı Məhərrəmin...

Qapqara saçlarını gözlərinin üstünə tökmüş, qəhvəyi rəngli gözlərindən başlayan gülüş bütün çöhrəsinə yayılırdı. Elə bu dəmdə ətrafındakıları gülüşə qərq edən əhvalatın nəqli başlayırdı. Yumor hissi, əhvalın yaxşı olması, bunu ətrafındakılara da sirayət etdirmək vacib amildir. Məhərrəm isə, bəlkə də heç kimin diqqət etmədiyi bir nüansı çox gözəl tuturdu. Onu elə nəql edirdi ki, burada insanın özünü gülməkdən saxlaması mümkün olan iş deyildi... özüdə həmin hadisəni dəfələrlə danışsa da, ətrafındakıların eyni reaksiyasını doğururdu, şaqqanaq bir gülüş, qəhqəhə.

Məhərrəmin işğaldan azad olunan ərazilərdə çəkilən videolarına baxıram, sevinc içindədir, gözləri gülür, qol-qanad açıb uçur, Vətənin azadlığına, şad gününə, toy-bayramına sevinir... Heç elə bil viran qoyulmuş kəndləri, dağılmış evləri çəkməyə getmir, o evlərdə vaxtilə keçirilən toya, bayrama dəvətlidir...

"KamAZ" Susuzluqda tank minasına düşüb göyə sovrulan anda nə edirdin Məhərrəm? Üzündə yenə də təbəssüm vardımı?...

Son xəbərlər

Orphus sistemi